Sentyabrın 12-də valideynləri 14 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan gənc bloqçu Adnan Hacızadə ilə görüşüb. Bu barədə bu gün (13 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Adnan Hacızadənin atası Hikmət Hacızadə məlumat verib. “Adnan saxlanma şəraitindən narazı deyıl. Amma möhkəm soyuqlayıb”, – deyə H.Hacızadə məlumat verdi.
Xatırladaq ki, hakimiyyəti tənqid edən “Eşşəklə (Esel Heinz) müsahibə” adlı videorolikin müəllifləri Adnan Hacızadə və Emin Milli 08 iyul 2009-cu il tarixində Bakıda “Lebonese” (Livan) restoranında təxribatçılar tərəfindən döyülərək xəsarət almalarına və zərərçəkmiş şəxs qismində şikayət etmələrinə baxmayaraq, polis onlara xəsarət yetirənləri sərbəst buraxmış və gənclər barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi başlamışdır. 11 noyabr 2009-cu ildə məhkəmə Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.