HÜQUQ MÜDAFİƏÇİSİ POÇT MÜƏSSİSƏSİNİN BİGANƏLİYİ NƏTİCƏSİNDƏ BEYNƏLXALQ TƏDBİRƏ QATILA BİLMƏYİB

Beynəlxalq Ədalət Körpüsü (IBJ) təşkilatının ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə 2010-cu il müsabiqəsinin qalibi olmuş Rəsul Cəfərov bu müsabiqə çərçivəsində Sinqapur səfərinə çıxa bilməyib.

Buna poçt müəssisəsinin Cəfərov tərəfindən viza alınması üçün göndərdiyi sənədləri itirməsi səbəb olub. Belə ki, viza almaq məqsədilə iyulun 26-da sənədlər “Azərpoçtekspress” Rabitə Müəssisəsinin sürətli poçt xidməti ilə İsveçrənin Cenevrə şəhərinə göndərilib. Beynəlxalq Ədalət Körpüsü təşkilatının baş ofisi bu şəhərdə olduğundan təşkilatın nümayəndələri 3-5 gün ərzində Cenevrəyə çatmalı olan sənədləri Sinqapur səfirliyinə təqdim etməli idilər (Azərbaycanda Sinqapur səfirliyi yoxdur). Lakin sənədlərin aqibəti barədə heç bir məlumat yoxdur, poçt müəssisəsi isə araşdırma apardığını bildirir. Nəticədə Cəfərov avqustun 9-dan 17-ə kimi olan tarixdə hüquq müdafiə sahəsi üzrə təşkil ediləcək treninqlərdə və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə iştirak edə bilməyib.

 

Cəfərovun RATİ-yə verdiyi məlumata görə, o sənədlərin qəsdən itirilməsi ehtimalını istisna etmir və hər bir halda dəymiş maddi və mənəvi ziyana görə yaxın günlərdə məhkəməyə müraciət etməyə hazırlaşır. “Mən dəqiq deyə bilmərəm ki, bu sənədlər qəsdən gecikdirilib, lakin bu ehtimal var və bunu kifayət qədər ciddi ehtimal hesab edirəm. Bir neçə ildir hakimiyyəti tənqid edən ictimai təşkilatda fəaliyyət göstərirəm, bundan əlavə Beynəlxalq Ədalət Körpüsü təşkilatının layihəsi çərçivəsində görəcəyimiz işlər də kimlərinsə xoşuna gəlməyə bilər”, – deyə Cəfərov bildirib.

 

Qeyd edək ki, R. Cəfərov 2007-ci ildən RATİ-də fəaliyyət göstərir, Beynəlxalq Ədalət Körpüsü təşkilatının layihəsi çərçivəsində isə məhkumların vaxtından əvvəl azadlığa buraxılma hüquqlarının təmin edilməsi ilə bağlı işlər həyata keçirəcək. İyulun 12-də bu layihənin təqdimatı keçirilib.

 

Previous Post

SABAH HÜQUQ MÜDAFİƏÇİSİ BARƏDƏ HÖKM ÇIXARILACAQ

Next Post

DAXİLİ İŞLƏR NAZİRLİYİNİN İDARƏ RƏİSİ İLƏ VƏKİL ARASINDA BARIŞIQ ƏLDƏ OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.