İCRA BAŞÇISI İLƏ BAŞ REDAKTORUN MƏHKƏMƏSİ 3 SENTYABRA QALDI

Bu gün (14 avqust) Yasamal rayon məhkəməsində Laçın rayonunun icra başçısı Ramiz Cəbrayılovun “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevə qarşı Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmə prosesi keçirilib.

Hakim Xəqani Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Habil Vəliyev xüsusi ittiham qaydasında tərtib olunmuş şikayət ərizəsində prosessual pozuntulara yol verildiyini bildirib və bu səbəbdən də həmin şikayətin rədd edilməsi ilə bağlı vəsatət verib.
İcra başçısının vəkili Nüşabə Ağayeva isə vəsatəti əsassız hesab etdiyini və onun təmin edilməməsini xahiş edib.
Hakim vəsatətlə bağlı qərarın 3 sentyabr saat 12:00-da elan ediləcəyini bildirib.
Xatırladaq ki, Laçın rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov 2011-ci ildən başlayaraq “Gündəlik Bakı” qəzetində onun fəaliyyəti ilə bağlı yazılan silsilə məqalələrə görə məhkəməyə müraciət edib. Şikayət təmin olunarsa, baş redaktoru iki ilədək müddətə islah işləri və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Qeyd edək ki, avqustun 13-də Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədovun sədrliyi ilə keçən prosesdə  Neftçala Rayon İcra Hakimiyyətinin baş memarı Rüstəm Tofiq oğlu Tahirovun "Gündəlik Bakı" qəzeti redaksiyasına qarşı "şərəfin, ləyaqətin müdafiəsi, təkzib verilməsi, üzr istənilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi məhkəmə tərəfindən rədd edilib. Neftçalanın baş memarı Rüstəm Tahirov iddia ərizəsində ötən ilin iyun ayının 22-dən oktyabr ayının 27-nə kimi qəzetdə dərc olunan bir sıra məqalələri əsas gətirərək həmin yazılarda onun barəsində tamamilə yalan və həqiqətəuyğun olmayan, təhqiredici məlumatlar dərc olunduğunu iddia edərək, "Gündəlik Bakı" qəzeti redaksiyasından 100 min manat təzminat tələb etmişdi.
Previous Post

RATİ QUBADA TƏLİM KEÇİRİB

Next Post

HİLAL MƏMMƏDOVLA BAĞLI APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.