Şikayətçi Şükür İzzətoğlu çıxışında Ədliyyə Nazirliyinin İctimai Birliyi qeydiyyata almamasının qanunsuz hesab olunmasını və şikayətin təmin edilməsini istədi.
Ədliyyə Nazirliyinin nümayəndəsi N.Quliyev öz izahatında bildirdi ki, İctimai Birliyinin qeydə alınmamasının səbəbi birliyin nizamnaməsində təsisçilərin hüquq və vəzifələrinin, həmçinin məqsədlərinin qeyd edilməməsidir.
Daha sonra Şükür İzzətoğlu cavabdehin nümayəndəsinə suallar ünvanladı. Ədliyyə Nazirliyinin nümayəndəsi isə bildirdi ki, işlə tam tanış olmadığına görə, suallara tam cavab verə bilməyəcək.
Hakim növbəti prosesi 25 iyun 16.00-a təyin etdi.
Qeyd edək ki, 2009-cu ilin mart ayında təsis olunan “Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi” İctimai Birliyi 7 aprel 2009-cu ildə Ədliyyə Nazirliyinə müraciət etsə də, qeydiyyata alınmadığına görə məhkəməyə müraciət etmişdi. Yasamal rayon məhkəməsi 17 mart 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarıb.