İNZİBATİ BİNALARIN FOTO-VİDEO ÇƏKİLİŞİNİN APARILMASINI QADAĞAN EDƏN QANUNVERİCİLİK AKTI YOXDUR

Dövlət qurumlarının (Prezident Administrasiyası, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və digər qurumlar) inzibati binalarının foto və video görüntüsünü çəkməyə jurnalistlərə icazə verilməməsi halları dəfələrlə müşahidə olunub.

Bu kimi hallarda jurnalistlər müvafiq qurumların mühafizəçiləri və ya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılır və çəkilmiş görüntülər silindikdən sonra onları sərbəst buraxırlar. Lakin onlara bu görüntülərin çəkilməsinin hansı qanunla qadağan edildiyi izah edilmir.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bir çox dövlət qurumlarının (Prezident Administrasiyası, Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq), o cümlədən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə informasiya sorğusu göndərərək, məsələyə aydınlıq gətirilməsini xahiş edib.
Bu gün (24 may) RATİ-yə daxil olan və DİN Mətbuat Xidmətinin rəisi Sadiq Gözəlovun imzaladığı cavab məktubunda bildirilir:
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əməliyyat –axtarış fəaliyyətinin subyekti olaraq cinayətlərin qarşısının alınması və açılması sahəsində aidiyyati qanunvericilik aktları ilə müəyyən edilmiş funksiyaları yerinə yetirir və hüquqlarını həyata keçirir. İnsanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlət, hərbi və xidməti sirrin cinayətkar qəsdlərdən müdafiəsi ilə bilavasitə əlaqədar aparılan əməliyyat-axtarış fəaliyyətində, Nazirlik, həm də ayrı-ayrı şəxslərlə məxfilik əsasında əməkdaşlıq edir. Müvafiq əməkdaşlıq konspirasiya qaydalarına riayət olunmasını tələb edir ki, bu da “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda başlıca vəzifələrdən biri kimi təsbit olunmuşdur. İnzibati binanın foto və ya video çəkilişi Nazirliyin əməliyyat strukturları ilə vaxtaşırı ünsiyyətdə olan məxfi əməkdaşların da görüntü dairəsinə düşməsini istisna etmədiyindən, sözügedən sahədə fəaliyyəti tənzimləyən daxili normativ sənədlər onların həyat və sağlamlığı üçün real təhlükənin yaranmasına gətirib çıxara bilən belə arzuolunmaz halların qarşısının alınmasını tələb edir. Bununla əlaqədar, habelə “Azərbaycan Respublikası Silahlı Qüvvələrin qarnizon və qarovul xidmətləri”  Nizamnaməsinin tələblərinə uyğun olaraq inzibati binanın mühafizə postunda xidmət aparan hərbi qulluqçu və ya vəzifəli şəxs çəkilişə icazə verməməklə öz xidməti vəzifəsini yerinə yetirmiş olur.
Məlumat üçün onu da bildirək ki, sorğunuzda göstərilən dövlət təsisatlarının inzibati binalarının foto və ya video çəkilişinin aparılmasını qadağan edən hər hansı qanunvericilik aktı yoxdur. DİN-in inzibati binasının çoxsaylı fotogörüntüləri internet saytımızda da yerləşdirildiyindən ondan istifadə etməniz daha məqsədəuyğundur.”

Previous Post

“YENİ JURNALİSTİKA HƏRƏKATI” TƏSİS EDİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.