İSLAM PARTİYASI SƏDRİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (19 yanvar) Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə Azərbaycan   İslam Partiyasının  sədri Mövsüm Səmədov barəsində 7 yanvar 2011-ci il tarixində Nərimanov rayon Məhkəməsinin çıxardığı 13 günlük  həbs qərarından verilmiş apellyasiya şikayəti üzrə  məhkəmə prosesi keçirildi.

Hakim  Abdinbəyov Nərimanov rayon Məhkəməsinin 7 yanvar 2011-ci il tarixdə verdiyi qərarın dəyişiklik edilmədən qüvvədə saxlanılması barədə hökm çıxardı.
Prosesdən sonra Mövsüm Səmədovun vəkili Anar Qasımov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verilən şikayəti müdafiə etdiyini, həmçinin hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində azyaşlı uşağın olmasi səbəbindən ona cərimə tənbehinin verilməsi, eləcə də müdafiənin düzgün qurulması üçün  prosesdə M. Səmədovun da iştirak etməsi barədə vəsatətin verildiyini, lakin hakimin bu vəsatəti təmin etmədiyini bildirdi.
Qeyd edək ki, prosesdə məhdud sayda media nümayəndələrinin iştirakına icazə verilib.
Xatırladaq ki, yanvarın 7-də Azərbaycan   İslam Partiyasının  sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiya fəalı Elçin Həsənov və partiya sədrinin sürücüsü Mirhüseyn Kazımov həbs ediliblər. Yanvarın 9-da «Məşədi Dadaş» məscidinin axundu Şahin Həsənli polis tərəfindən saxlanısa da sonradan azad edilib. Yanvarın 10-da Hövsan qəsəbə sakini Nurəddin Darafərin və Bülbülə qəsəbə sakini Babək Həsənov, İlahiyyatçı Zülfüqar Mikayılzadə, Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Mehdi Məmmədov, İslam Partiyası  sədrinin birinci müavini Elçin Manafov, İslam Partiyasının Mətbuat Xidmətinin rəhbəri Akif Heydərli və digərləri saxlanılıb.
Belə ki, yanvarın 2-də İslam Partiyası Baş Məclisinin iclasında partiya sədri Möhsün Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını kəskin tənqid edib, bunu Azərbaycan xalqına mənəvi zərbə kimi qiymətləndirib və xalqı iqtidara qarşı mübarizəyə səsləyib. Sözügedən videoçarx http://www.youtube.com/watch?v=9DQ7Sb7ZQvI&feature=player_embedded) sosial şəbəkələrdə yayılıb. İslam Partiyası sədrinin və onun tərəfdarlarının  məhz bu məsələyə görə həbs edilməsi istisna olunmur.
Qeyd edək ki, Azərbaycan İslam Partiyası 1991-ci ildə Bakının Nardaran kəndində yaradılıb. Partiya 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 1995-ci ildə partiya sədri və müavini İrana casusluqda ittiham olunaraq həbs ediliblər. Partiyanın qeydiyyatı da Ali Məhkəmə tərəfindən ləğv edilib.
Partiyanın 2007-ci ildə keçirilən qurultayında 1993-cü ildə AİP-in Quba rayon komitəsinin rəhbəri olan Mövsüm Səmədov İslam Partiyasının sədri seçilib. Mövsüm Səmədov 1965-ci ildə Qubada doğulub. Tibb Universitetini bitirib. Rusiyada, Dağıstanda həkimlik edib. 1996-cı ildən İrana gedib, Qum şəhərindəki Ali İslam Univesitetini bitirib.

Previous Post

İNSAN HÜQUQLARI KLUBU AZƏRBAYCANDAKI SON VƏZİYYƏTDƏN NARAHATDIR

Next Post

TELERADİO ŞURASININ SON MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ NARAZILIQLA QARŞILANDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.