JURNALİSTLƏR PREZİDENT ADMİNİSTRASİYASININ QARŞISINDA TƏZYİQƏ MƏRUZ QALIB

yanvar 18th, 2012
Bu gün (18 yanvar) “Gen” və “Kamran” tikinti şirkətlərinin aldatdığı 50-yə yaxın əmanətçi Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib. Onlar ödədikləri vəsaitin qarşılığında mənzil verilməsini və ya pulların qaytarılmasını tələb ediblər.

Lakin Prezident Administrasiyasından heç kim onların qarşısına çıxmayıb. Bundan əlavə, polislər vətəndaşları kobud şəkildə sıxışdırmağa başlayıblar, halbuki onların arasında yaşlılar da olub. Piketdə iştirak edən yaşlı qadınlardan ikisinin halı pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Etirazçılara məsləhət görülüb ki, Bakı meriyasına müraciət etsinlər.

Bundan başqa, Prezident Administrasiyasının mühafizəçiləri jurnalistlərin çəkiliş aparmasına etiraz ediblər, onların peşə borcunu yerinə yetirməsinə mane olublar. Aksiyadan reportaj hazırlayan “Turan” informasiya agentliyinin əməkdaşı Etimad Budaqov və ”Obyektiv” TV-nin jurnalisti Rəşad Əliyevi (Vaqifoğölu) mühafizəçilər qəbul otağına aparıblar. Onların çəkiliş apardığı fotoaparat və videokamera əllərindən alınıb. Aksiyadan çəkilmiş görüntülər tamamilə silindikdən sonra jurnalistlər sərbəst buraxılıblar. Video görüntülər silindiyi üçün “Obyektiv” TV aksiyadan hazırlayacağı videosüjetdə fotogörüntülərdən istifadə etmək məcburiyyətində qalıb.