KaTV BBC-Nİ YAYIMDAN ÇIXARDIĞINI TƏSDİQLƏDİ

fevral 16th, 2011
Azərbaycanda kabel televiziyasında inhisarçı olan KaTV  BBC- in verilişlərini adi yayımdan çıxararaq, rəqəmsal yayıma keçirib. BBC -in əvvəl yayımlandığı tezliyi isə yeni fəaliyyətə başlayan “Mədəniyyət Kanalı” tutub. 

Bu məsələ ilə bağlı bu gün (16 fevral )KaTV- nin əməkdaşı Leyla xanım RATİ-yə məlumat verib. O bildirdi ki,  bu dəyişiklik barədə  qərarı rəhbərlik qəbul edib.  Lakin soyadını açıqlamayan KaTV əməkdaşı BBC- in yayımladığı tezliyin nə səbəbə adi efirdən çıxarılması və  onun yayımlandığı tezliyin məhz yeni açılan “Mədəniyyət” kanalına verilməsi barədə məlumat vermədi.
“Bundan sonra BBC-yə baxmaq istəyən şəxslər əlavə avadanlığın quraşdırılması üçün şirkətə 40 manat ödəməlidirlər. Bu dəyişiklik aylıq ödənişə də təsir edəcək”, – deyə KaTV- nin əməkdaşı əlavə edib.
Qeyd edək ki, KaTV-də yayımlanan digər populyar xarici xəbər kanalları olan- “Euronews” və “CNN”-dən fərqli olaraq BBC Misir və  Tunis hadisələrinin gedişinə daha geniş yer vermişdi.