MƏTBUAT ŞURASI MƏRHUM JURNALİSTLƏ BAĞLI MTN-Ə MÜRACİƏT EDİB

Sentyabrın 9-da Mətbuat Şurası “Monitor” jurnalının  qətlə yetirilmiş mərhum baş redaktoru,  jurnalist Elmar Hüseynovun qətlinin araşdırılmasının sürətləndirilməsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət ünvanlayıb. Bu barədə MŞ-nın rəsmi saytında məlumat yer alıb.

Müraciətdə bildirilir ki, üzərindən xeyli müddət keçməsinə baxmayaraq E. Hüseynovun qətlinin üstünün açılmaması ölkənin media ictimaiyyətində ciddi narahatlıq doğurur və kütləvi informasiya vasitələrinin təmsilçiləri müntəzəm olaraq keçirdikləri toplantılarda məsələyə diqqət yetirirlər. 8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı Mətbuat Şurasında baş tutan “dəyirmi masa” nın iştirakçıları da hadisəni törədənlərin tezliklə tapılaraq cəzalandırılmasının vacibliyini vurğulayıblar. “Jurnalist qətli hər bir ölkənin beynəlxalq imicinə mənfi təsir göstərən hadisədir. Ötən müddətdə cinayətinin üstünün açılması istiqamətində səylər var. Lakin jurnalistlər bu qənaətdədirlər ki, mövcud məsələdə cəzasızlığın davamı peşə fəaliyyətlərini yerinə yetirən qələm sahiblərində oxşar xoşagəlməz halın təkrarlanacağına dair qorxu yaradır”  , – deyə əlavə edilib.

Xatırladaq ki,  “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov işdən evə qayıdarkən naməlum şəxs tərəfindən evinin kandarında güllələnib. Cinayətkar ona tapançadan 7 atəş açıb. Bir müddət sonra hakimiyyət bildirib ki, cinayəti Gürcüstanda yaşayan azərbaycanlı Teymuraz Əliyev və Tahir Xubanov törədiblər.  Lakin Gürcüstan hakimiyyəti onları verməkdən imtina edərək bildirib ki, həmin şəxslərin qətlə bağlı olmasına sübut yoxdur.

 

 

 

Previous Post

ŞAHİD İFADƏLƏRİ JURNALİSTƏ QARŞI İTTİHAMIN QURAMA OLDUĞUNU ÜZƏ ÇIXARDI

Next Post

JURNALİSTİN TƏZYİQƏ MƏRUZ QALAN AİLƏ ÜZVLƏRİNİN MÜALİCƏSİ XƏSTƏXANA ŞƏRAİTİNDƏ DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.