Mayın 1-də Park İnn otelində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və Beynəlxalq

Mayın 1-də Park İnn otelində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və Beynəlxalq Mediaya Dəstək Təşkilatı Ümumdünya Söz Azadlığı gününə həsr olunmuş “Azərbaycanda Söz Azadlığı” mövzusunda milli konfrans keçirib.

Forumda ölkədəki çoxtirajlı qəzetlərin, informasiya agentliklərinin, media hüquqları
təşkilatlarının rəhbərləri, müstəqil ekspertlər və diplomatik korpusların təmsilçiləri iştirak
edib. Milli konfransa hökumət rəsmiləri, parlament üzvləri və ombudsman dəvət edilsə
də, iştirak etməyiblər.
Konfransda əsasən həbsdə olan jurnalistlər və blogerlər, söz azadlığının mövcud
durumu, mətbuat və internet azadlığına maneələr, diffamasiya, ifadə azadlığına qanuni
maneələr, məhkəmələrin fikrin azad ifadəsinə təsirləri, medianın iqtisadi azadlığı, reklam
bazarı və qəzet yayımı məsələləri diqqət mərkəzində olub.
“Hazırda ölkədə 8 jurnalist və bir neçə bloger həbsdədir. Elmar Hüseynov və
Rafiq Tağının qətli açılmamış qalır, jurnalistlərə qarşı fiziki təzyiqlərlə bağlı cinayət
işlərində də hər irəliləyiş qeydə alınmayıb. Bunun əksinə olaraq son günlərdə jurnalist
İdrak Abbasov qəddarcasına döyülüb, Xədicə İsmayılovanın şəxsi həyatına müdaxilə
ilə bağlı şantaj xarakterli video görüntülər yayılıb. Hər iki jurnalistə qarşı təzyiqlərlə bağlı
araşdırmalarda irəliləyiş yoxdur. Eyni zamanda, son dövrlər həbs edilmiş jurnalistlərlə
vəkillərinin görüşünə də imkan verilmir. Jurnalistləri müdafiə edən vəkillər təzyiqlərlə
üzləşir”, – deyə RATİ-nin direktoru Emin Hüseynov qeyd edib.
Ekspertlər “Diffamasiya haqqında” qanunun qəbulunu vacib sayır. “Son dövrlər
jurnalistlərə qarşı 160 cinayət işi qaldırılıb. “Diffamasiya haqqında” qanunun qəbulu
ən azı bu sahədə məhkəmə qərarlarını müəyyən çərçivəyə salacaq”, – deyə İREX-in
eksperti Ələsgər Məmmədli bildirib.
“Tacikistan Respublikası belə “Diffamasiya haqqında” qanunu qəbul edib.
Azərbaycanda isə hələ də nəticə verməyən müzakirələr davam etdirilməkdədir”, –
deyə “Zerkalo” qəzetinin redaktoru Elçin Şıxlı qeyd edib.
“Ölkədə internet azadlığı mövcuddur, siyasi senzura və təsirlər yoxdur. Amma,

hökumət qurumlarında informasiya açıqlığı hələ də problem olaraq qalmadadır. “İnternet
Forumu 60 parametr üzrə monitorinq aparıb. Monitorinqin nəticələrinə görə, bu il
hökumət qurumlarında informasiya açıqlığı cəmi 30 faizdir. Ötən il bu rəqəm 27 faiz
təşkil edib”, – deyə İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Müstəqil videobloger Adnan Hacızadə düşünür ki, internetdə birbaşa senzura
olmasa da özünü senzura var. “İnternet fəalları və blogerlərin həbsi internetdə özünü
senzuraya səbəb olub. Beynəlxalq araşdırmalara görə, Azərbaycanda blogerlərin
həbsindən sonra sosial şəbəkələrdə iştirakçıların sayə dəfələrlə artıb. Amma, bunun
əksinə olaraq internet fəallarının sayı kəskin azalıb”, – deyə o qeyd edib.
Ekspertlər və media rəhbərləri Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun
fəaliyyətini tənqid edib. Fond əslində KİV-in inkişaf strategiyası, maliyyə asılılığının
azaldılması, reklam bazarının stimullaşdırılması ilə bağlı strategiyaya, proqrama və
baxışlara malik deyil. “Mətbuatın problemi siyasidir, Siyasi hakimiyyət mətbuatı tamada
və ya tərifçi kimi görür. KİV-ə Dövlət Dəstəyi Fondunun jurnalistlərə ev tikdirməsini,
müxtəlif maliyyə yardımları göstərməsini rüşvət kimi də qəbul etmək olar”, – deyə
jurnalist Şahvələd Çobanoğlu bildirib.
Konfransda medianın iqtisadi durumu ən geniş müzakirə olunan mövzulardan
olub. “Medianın iqtisadi əsasları 1998-ci ildə siyasi senzura ləğv edildikdən sonra
sındırılıb. İqtisadi senzura ilə yanaşı məhkəmələr vasitəsi ilə, fiziki təzyiqlər yolu ilə də
mətbuat azadlığı təsir altına alındı. 2001-ci ildə neft pulları gəldikdən sonra isə medianın
pulla alınması prosesi başladı. 1998-ci ildə bəzi çap mediasının tirajı 120 minədək,
ümumi reklam bazarı 8-9 milyon dollar idi. Amma, hazırda internet mediası da daxil
olmaqla ümumi çap mediasının reklam bazarı cəmi 4 milyon dollar təşkil edir”, – deyə
Turan Agentliyinin direktoru Mehman Əliyev qeyd edib.
“Çap mediasının yayımı kritik həddədir. Belə ki, ölkədə 4762 kənddən 4000-də
ümumiyyətlə köşk yoxdur. Ölkədə cəmi 800 qəzet köşkü var və hər bir milyon əhaliyə
cəmi 80 köşk düşür. Bu rəqəm Rusiyada 333, Amerikada 600, Avropada 1000-1250-dir”,
– Ş.Çobanoğlu vurğulayıb.
Forumda həmçinin mayın 2-də Cenevrədə Avropa Yayım Birliyi tərəfindən
Azərbaycanda söz azadlığı ilə bağlı keçiriləcək foruma təkliflər paketi qəbul edilib. Milli
konfrans beynəlxalq qurumların ölkədə həbsdə olan jurnalist və blogerlərin dərhal azad
edilməsi tələb ilə çıxış etməsini xahiş edir.
Təkliflər paketinə “Diffamasiya haqqında” qanunun qəbulu, jurnalistlərə qarşı fiziki
və mənəvi təzyiqlərin dayandırılması, KİV-ə Dövlət Dəstəyi Fondunun funksiyasının
təkmilləşdirilməsi, çap mediasının yayım işinin yaxşılaşdırılması, medianın iqtisadi
əsaslarının formalaşdırılması, azad reklam bazarı, sosial reklamların artırılması,
informasiya əldə etmək azadlığı, regionlarda medianın inkişafı, dövlət strukturlarının
media orqanlarının dərhal ləğv edilməsi və b. daxildir.

Previous Post

ƏJDƏR NAĞIYEVİN CÜMƏ MƏRASİMİ KEÇİRİLİB

Next Post

AVROPA YAYIM BİRLİYİNƏ TƏKLİFLƏR PAKETİ TƏQDİM OLUNACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.