“MEDİA AÇARI” MÜKAFATI QALİBLƏRƏ TƏQDİM OLUNUB

iyul 23rd, 2010

Bu gün (23 iyul) Bakı Əyləncə Mərkəzində “Yeni Nəsil” Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi “Media açarı” mükafatlarının təqdimat mərasimi keçirilib.

“Media açarı 2010” mükafatına “Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko (İlin reportyoru), “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov (İlin şərhcisi), politoloq Rasim Musabəyov, yazıçı Rüstəm İbrahimbəyov (İlin media adamı), RTV-nin (Xaçmaz) “Xəbər vaxtı” proqramı və “Xəzər” TV-nin “Xəzər xəbər” proqramı (İlin xəbər proqramı) layiq görülüb.

 

“Yeni Nəsil” jurnalistlər birliyini sədri Arif Əliyev məlumat verdi ki, qaliblər ekspert sorğusunun nəticələrinə əsasən müəyyənləşib. 30 ekspert medianı, 30 ekspert siyasi dairələri və dövlət təşkilatlarını, 40 ekspert isə elm, incəsənət və QHT sferasını təmsil edib. Qaliblərə diplom və simvolik “Media açarı” ilə yanaşı, qiymətli hədiyyələr də təqdim olunub.

 

“Media açarı” mükafatı təsisçilərinin tərəfdaşı olan “Azerfon” şirkəti isə üç jurnalistə – Trend” informasiya agentliyinin əməkdaşı Hüseyn Vəliyevə,  “Xalq” qəzetinin əməkdaşı Qabil Əliyevə İnformasiya Kommunikasiya Texnologiyaları sahəsindəki yazılarına görə və ANS telekanalının operatoru Rüfət Şabanova texnologiya sahəsində reportajına görə fərdi mükafatlar verib.

 

Qeyd edək ki, “Media açarı” mükafatı 1997-ci ildə təsis edilib və hər il 22 İyul Milli Mətbuat  Günü münasibəti ilə təqdim olunur.