Bu gün (19 mart) Cavidan Hüseynov qohumu – “Bizim Yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovla cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsində görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Cavidan Hüseynov bildirdi ki, görüşdən 1 saat əvvəl Fatimə Miriyevanın sədrliyi ilə 2 saylı cəza çəkmə müəssisəsində Müşfiq Hüseynovun səhhəti ilə əlaqədar cəzasının qalan müddətindən azad edilməsi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. Prosesdə M.Hüseynovun vəkili İsaxan Aşurov iştirak etməyib.
C. Hüseynovun sözlərinə görə, 5 nəfərlik ekspert qrupu yaradılıb və həftənin şənbə günü M.Hüseynov 3 saylı cəzaçəkmə müəssisəsində müayinə olunacaq. Belə ki, ekspertlərin rəyindən sonra növbəti məhkəmə prosesində qərar elan olunacaq, ancaq növbəti məhkəmə prosesinin vaxtı hələ ki, müəyyən edilməyib.
Qeyd edək ki, vəkil İsaxan Aşurov M.Hüseynovun səhhəti ilə əlaqədar cəzasının qalan müddətindən azad edilməsi xahişi ilə mart ayının 5-i Əzizbəyov Rayon Məhkəməsinə ərizə təqdim etmişdi. Onun sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 78-ci və Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə əsasən məhkəmə belə bir qərar qəbul edə bilər.
Xatırladaq ki, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə ittiham edilərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2008-ci ildə çıxardığı qərara əsasən jurnalistin həbs müddəti bir il azaldılaraq, beş ilə endirilib.