MÜXALİFƏTİN LİDERLƏRİ REFERENDUMUN NƏTİCƏLƏRİNƏ MÜNASİBƏT BİLDİRDİ

Bu gün (19 mart )Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində “Qarabağ və Respublika Uğrunda Hərəkatın” liderləri referendumun nəticələrinin qiymətləndirilməsinə həsr olunmuş mətbuat konfransı keçirdi.

İlk söz alan Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Azərbaycanda keçirilən 18 mart referendumuna öz münasibətini bildirərək onu feodal təfəkkürün məhsulu olan təşəbbüs kimi qiymətləndirdi: “Bu məsələ Milli Məclisdə müzakirə olunmadan həyata keçirildi. Dünyanın heç bir yerində referenduma qoyulan məsələlər müzakirəsiz qəbul olunmur.” L. Şövkətin bildirdiyinə görə yalnız 15% əhali iqtidarın bu istəyinə razılığını bildirdi.

Daha sonra söz alan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bu seçkilərin qanun pozuntusu ilə başladığını bildirdi: ”Seçkilər bu dəfə də kobud şəkildə pozuldu. Plakatların yapışdırılmasına, mitinqlərin, nümayişlərin, imzaların toplanmasına icazə verilmədi”. Ə.Kərimli həmçinin bu seçkilərdə MDB nümayəndəliklərinin zəif iştirak etdiyini, Avropadan isə geniş heyət gəlmədiyini xüsusi vurğuladı.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu referendumun real nəticələrinin nə olduğunu hamının bildiyini qeyd etdi. Bu seçkinin Azərbaycanda konstitusion böhran yaratdığını vurğulayan S.Cəlaloğlu bu referendumla bağlı Avropa Məhkəməsinə mütləq müraciət edəcəklərini bildirdi.

“Ümid” Partiyasının sədri İqbal Ağazadə öz çıxışında bu referendumu 1991-ci ildə  SSRİ-də baş verən referenduma oxşatdı və dünənki referendumun nəticələrinin saxtakarlığının üzə çıxacağına ümid etdiyini söylədi.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev dünənki referendumda yalnız 15% əhalinin iştirak etdiyini müxalifətin xeyrinə bir tendensiya kimi qiymətləndirdi.

Müsavat Partiyasının başqanı İsa Qəmbər  bu referendum münasibəti ilə Azərbaycan xalqını təbrik etdi. O, bu referendumda Azərbaycan xalqının böyük xalq olduğunu bir daha sübut etdiyini qeyd etdi: “Xalq bizim boykot çağırışımıza əməl etdi və bu seçkilərə biz gözlədiyimizdən də az sayda gəldi”.

Mətbuat konfransının sonunda müxalifətin liderləri jurnalistlərin referendumda baş vermiş saxtakarlıqlarla bağlı suallarına cavab olaraq bülletenlər, protokollar və fotoşəkillər nümayiş etdilər.

 

FOTO:http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,211/lang,az/

Previous Post

ELAN!

Next Post

SEÇKİ MƏNTƏQƏLƏRİNDƏN GÖRÜNTÜLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.