NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİNİN QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

 23 oktyabr tarixində Nəsimi rayon məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Məryəm Məmmədova və Emil Məmmədovun “Tolışi-sədo “ qəzetinin baş redaktoru Novruzəli  Məmmədovun ölümü ilə bağlı Maliyyə  Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş  İdarəsi, 15 saylı cəzaçəkmə müəssisəsi və Penitensiar Xidmətin müalicə müəssisəsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

 Prosesdə  cavabdeh – Penitensiar Xidməti müalicə müəssisəsinin Nevrologiya şöbəsinin müdiri Məhərrəm İsayev çıxışında bildirdi ki, Novruzəli Məmmədov müalicə müəssisəsində olduğu müddətdə sərbəst hərəkət edə bilib. Avqustun 17-də o, beyin damarlarının daralması nəticəsində dünyasını dəyişib ki, bu da Müalicə Müəssisəsinə daxil olarkən onda aşkar olunan xəstəliklərlə bağlı deyil.

     Maliyyə  Nazirliyinin nümayəndəsi Elçin Nəcəfov isə bildirdi ki, iddiaçıların təzminat tələb etməsi və təzminatın dövlət büdcəsindən tutulması ilə bağlı iddianın heç  bir hüquqi əsası yoxdur.

      Hakim növbəti prosesi 9 noyabr saat 15:00-a təyin etdi.

     Qeyd edək ki, Məryəm Məmmədova və Emil Məmmədov Nizami rayon məhkəməsinin 06 fevral 2009-cu il tarixli, 6(007)-7/09 saylı qərarı ilə cavabdehlərin üzərinə qoyulmuş, mərhum Novruzəli Xanməmməd oğlu Məmmədovun müayinə və müalicə olunması vəzifələrinin icra olunmamasını (hərəkətsizliyi) yaşamaq hüququnun pozuntusu kimi  qanunsuz hesab edilməsini, həmçinin cavabdehlərin hərəkətsizliyi nəticəsində onlara dəymiş mənəvi ziyana görə 3.000.000 manat məbləğində təzminat ödənilməsini istəyirlər.

      Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU GƏNC BLOQÇULARIN MƏHKƏMƏSİ İLƏ BAĞLI RƏYİNİ AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.