
Rayon icra hakimiyyəti başçısı Rauf Həbibovun qubalıları təhqir edən çıxışına etirazlarını bu yolla bildirən sakinlərin qəzəb və hiddəti aşıb daşırdı. Aksiyaçıların sıralarının genişlənməsindən qorxuya düşən hakimiyyət şəhərə əlavə hərbi və polis qüvvələri yerləşdirdi. Polislə əhali arasında qarşıdurma yarandı. Hiddətlənmiş sakinlər icra başçısının evini yandırdılar. Onlarla aksiyaçı həbs edildi. Polis aksiyaçıları gözyaşardıcı qazla dağıtdı. Baharın ilk ayının ilk gününə təsadüf edən, tarixə “Quba iğtişaşları” kimi düşəcək bu günün həyəcanını bütün Azərbaycana ilk olaraq ümumrespublika yayımçıları olan dövlət və özəl televiziyalar deyil, müxalifət yazarları, internet mediası çatdırdı. Bu gün “Turan” İnformasiya agentliyinin əməkdaşları Tapdıq Fərhadoğlu, Fərid Arifoğlu, RATİ əməkdaşı İdrak Abbasov , “Obyektiv tv”-nin jurnalist-operatoru Rəşad Vaqifoğlu hadisə yerində olublar. Aksiya zamanı hadisələrin mərkəzində olan Obyektiv tv-nin əməkdaşı Rəşad Vaqifoğlu başından yaralanıb, RATİ əməkdaşı İdrak Abbasov qolundan xəsarət alıb. Eyni zamanda “Azadlıq” radiosunun əməkdaşı Cavanşir Ağamalıyev, Abbas Atilay, “Turan” informasiya agentliyinin müxbiri Tapdıq Fərhadoğlu, Fərid Qəhrəmanov və “Yeni Müsavat” qəzetinin fotomüxbiri Fərahim İlqaroğlu gözyaşardıcı qazdan zəhərlənməyə məruz qalıblar.