PARLAMENT SEÇKİLƏRİ İLƏ BAĞLI APARILAN RADİO VƏ TELEVİZİYA MONİTORİNQİN NƏTİCƏLƏRİ AÇIQLANIB

oktyabr 29th, 2010
Oktyabrın 28-də  “Landmark” otelində Reportyorların Azadlıq və Təhlükəsilik İnstitutu (RATİ) və Media Monitorinqi İnstitutu (MMİ) dəyirmi masa keçirib. RATİ-nin sədri Emin Hüseynov noyabrın 7-də baş tutacaq parlament seçkiləri dövründə Azərbaycanda yayımlanan 8 telekanalın və 10 radionun monitorinqinin aparıldığı barədə məlumat verib. Onun sözlərinə görə, bu layihə ATƏT-in Bakı ofisinin dəstəyi ilə həyata keçirilir və  televiziyaların monitorinqini RATİ, radioların  monitorinqini isə Media Monitorinqi İnstitutu aparır.

“Monitorinq seçkidən əvvəlki 40 gün müddəti – 28 sentyabr – 7 noyabr dövrünü  əhatə edir. 23 günlük rəsmi seçkiqabağı təşviqat dövrü oktyabrın 15-də başlasa da, monitorinqə bundan  17 gün əvvəlki dövrdən başlanılıb”, – deyə o, bildirib.
Telekanallar üzrə monitorinq qrupunun rəhbəri Rəsul Cəfərov isə bildirib ki, televiziya yayımı üzrə pray-taym saatlarında (18.00-24.00) və radio yayımı üzrə praym-taym saatlarında (17.00-23.00) efirə verilən bütün verilişlərin monitorinqi aparılır. O, oktyabrın 8-dən 17-dək olan ərəfədə aparılan monitorinqin nəticələrini açıqlayıb. Nəticələrdən bəlli olub ki, monitorinq müddətində telekanalların əksəriyyəti əsasən hakim partiyanın və onun nümayəndələrinin işıqlandırılmasına üstünlük verib. Əksər telekanallar seçkidə iştirak edən bütün tərəfləri  işıqlandırmayıb, yəni, müxtəliflik müşahidə olunmayıb. Bundan başqa, telekanallar seçki hazırlığını pozitiv istiqamətdə göstərməyə çalışıblar. Neqativ halların işıqlandırılmasına, ümumiyyətlə, rast gəlinməyib.
R.Cəfərovun sözlərinə görə, monitorinq dövründə hakim Yeni Azərbaycan Partiyasının  sədri, prezident İlham Əliyev çox geniş və pozitiv göstərilib. O, heç bir telekanalda seçkilər mövzusunda müzakirə və ictimai debat xarakterli verilişlərin müşahidə edilmədiyini də bildirdi. “İlkin monitorinq müddətində olduğu kimi, bu dəfə də ANS və ATV Mərkəzi Seçki Komissiyasının hazırladığı seçkilərlə bağlı sosial reklamları göstərməyib”, – deyə o, bildirib.
“Lider” telekanalının müxalif siyasilər barədə “qara piar” kampaniyasını davam etdirdiyini deyən       Rəsul Cəfərov “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov haqqında çəkilən və müxalifəti nüfuzdan salan mətnlə müşayiət olunan videoçarxı xüsusi qeyd edib.
Cəfərov rəsmi təşviqat dövründə ödənişli efir vaxtnı yalnız iki telekanalın – İTV və “Lider”in təqdim etdiyini deyib. O, monitorinq müddətində siyasi disbalansın da müşahidə olunduğunu bildirib. Belə ki, oktyabrın 12-də “AXCP-Müsavat” blokunun liderlərinin mətbuat konfransını yalnız iki telekanal – İTV və ANS göstərib. Oktyabrın 13-də YAP-ın sədr müavini Əli Əhmədovun keçirdiyi mətbuat konfransını isə bütün telekanallar geniş şəkildə işıqlandırıb.
   Daha sonra radio kanalları üzrə monitorinq qrupunun rəhbəri Rəşad Əliyev həyata keçirdikləri monitorinqin nəticələrini açıqladı. Onun sözlərinə görə, radio dalğalarında da bənzər hallar müşahidə olunub. “Azərbaycan” və “İctimai” radioda seçki ilə bağlı yalnız ümumi məlumatlara yer verilib. Oktyabrın 15-dən rəsmi təşviqat dövrü başlasa da, “İctimai” radioda nə ödənişsiz, nə də ödənişli təşviqat qeydə alınmayıb. Seçki ilə bağlı maarifləndirici, müzakirə və digər formalı verlişlər efirə verilməyib. Dövlət radiosunun efirində isə hakim Yeni Azərbaycan Partiyasını və onun rəhbər şəxslərinin təbliğatı aparılıb. Əliyev özəl radiolarda da seçki ilə bağlı yalnız ümumi məlumatların verildiyini, əsasən MSK-nın iclaslarının işıqlandırıldığını söylədi.
  Qeyd edək ki, tədbirdə QHT, beynəlxalq təşkilatlar, diplomatik korpus və KİV nümayəndələri də iştirak ediblər. Monitorinqin nəticələri açıqlanandan sonra qızğın müzakirələr başlayıb. İTV-nin nümayəndəsi Tahir Məmmədov bildirib ki, təmsil etdiyi telekanalın efirində hər həftə seçkiqabağı təşviqata 14 saat ayrılır. O, İTV-də İlham Əliyevin siyasi fəaliyyətinin geniş işıqlandırılmasına da münasibətini bildirib. İTV rəsmisinin sözlərinə görə, bu, hakim partiyanın xeyrinə təşviqat kimi qiymətləndirilə bilməz. Çünki bu süjetlərin parlament seçkiləri ilə heç bir əlaqəsi yoxdur.
Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov da yüksək vəzifəli şəxslərin siyasi fəaliyyətlərinin işıqlandırılması ilə bağlı iradların əsassız olduğunu qeyd edib.
  Amma tədbirdə iştirak edən deputatlığa namizədlər, şərhçilər, QHT təmsilçiləri və jurnalistlər açıqlanmış monitorinq nəticələrinin həqiqəti əks etdirdiyini bildiriblər.