“Jurnalistlər Ekstremal Şəraitdə” ictimai birliyi dekabrın 9- da Qadın Hüquqlarını Müdafiə Cəmiyyətində polis-jurnalist münasibətlərinə dair 2007-ci ildən icrasına başladığı layihənin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
Daxili işlər nazirliyinin əməkdaşı Orxan Mənsurzadə polislə jurnalistlər arasında münaqişə olmadığını, sadəcə ekstremal şəraitdə qarşılıqlı anlaşılmazlıqların baş verdiyini deyib. O, tədricən bu anlaşmazlığın aradan qaldırıldığını iddia edib. Həm də o tərəflər arasında normal münasibətlərin yaranmasında qarşılıqlı əməkdaşlığı nəzərdə tutan belə layihələrin xüsusi rolu oynadığını deyib.
“Polisin və jurnalistin öz vəzifələri var və bu birgə qarşılıqlı əməkdaşlıq zamanı tərəflərin bir-birinə yardımçı olmasına şərait yaradır. ATƏT- in layihəsi belə əməkdaşlığa imkan verən fürsətlərdən biri kimidir. Təmas olmadıqda tərəflər bir-birilərini anlamaqda çətinlik çəkirlər. ATƏT belə layihələrin icrasına bundan sonra da maraqlı olacaq”- deyə ATƏT-in siyasi-hərbi şöbə rəisi Con Makqreqor bildirib.