
“Bu gün İqtisad Universitetə gedərkən Tofiq Bəhramov adına stadiondan Tibb Universitetinə gedən yolda olan işıqforda dayandığımız zaman 6 nəfər mülki geyimli, idmançı cüssəli şəxs təşkilatımıza məxsus maşının qapısını açdılar və bizi zorla ayrı-ayrı – məni “Pajero”, Əbülfəti isə “07”-yə mindirdilər və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orada idarənin rəisi mənə bildirdi ki, 11 mart “Xalq etiraz günü”nü təşkil edən qrupu mən idarə edirəm. Qrup xaricdən idarə olunur və Bakı bürosunun da rəhbəri sənsən. Mən isə bildirdim ki, mən heç bir qrupun rəhbəri deyiləm və jurnalistika ilə məşğulam. Daha sonra rəis mənim “facebook” sosial şəbəkəsində olan profilimdən çıxarışları göstərdi və dedi ki bəs bu nədir? Məndən gənclərin nəzərdə tutduğu aksiya ilə bağlı yaydıqları bildirişlər barədə suallar verdilər. Mən isə bildirdim ki, mən o kampaniyada öz jurnalist fəaliyyətimi həyata keçirirdim. Rəis mənə onu da bildirdi ki, həmin gəncləri tapacaqlar və dostlarıma çatdırım ki, rahat olmasınlar. Rəis mənə onu da bildirdi ki, bilirik bizə ABŞ səfirliyi dəstək verir. Bu fikri mənim cibimdə Amerika səfirliyinin vizit kartının olması ilə əsaslandırmağa çalışırdılar”, – deyə Mehman Hüseynov bildirdi.
“İşdən ayrılan andan bizim maşını izləyirdilər. İşıqfora çatanda isə bizi zorla maşından düşürdülər. Mən isə həmin şəxslərdən bizi nə səbəbə saxladıqlarını izah etməyi və vəsiqələrini təqdim etməyi xahiş etdim. Həmin şəxslərdən biri mənə bildirdi ki, mən vəsiqəmi göstərdim, amma sən görmədin. Sən polisə müqavimət göstərirsən. mən ona bildirdim ki, işıqforlarda kameralar var və o kameralara baxaraq aydınlaşdıra bilərik. Habelə mənə cibimdə narkotik maddin olub-olmadığını soruşdular. Suala təəccübləndə isə dedilər ki, 7-8 il yatarsan başa düşərsən. Sonra kimliyimlə, ailə tərkibimlə, RATİ sədri Emin Hüseynovla, onu nə vaxt evə aparıb gətirməyimlə və digər əməkdaşlarımızla maraqlandılar. Sonra bizim hər ikimizdən izahat aldılar və bizi sərbəst buraxdılar”, – deyə Əbülfət Namazov bildirdi.
Yeri gəlmişkən onu da qeyd edək ki, 11 mart aksiyası ilə bağlı bildiriş paylayan gəınc fəal Etibar Salmanlı da mətbuat konfransında izlənildiyini bildirib. Habelə martın 7-də onu sahə müvəkkili axtarıb və axtarılmaya səbəb kimi yolda guya hansısa bir qadına sataşdığını göstərib.