REDAKTORLAR BİRLİYİNİN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLİB

Sentyabrın 8-də  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində Redaktorlar Birliyinin Jurnalistlərin Beynəlxalq Həmrəylik Gününə həsr olunmuş növbəti iclası keçirilib.

RB bütün KİV-lərə gündən-günə pisləşən söz azadlığı naminə həmrəylik nümayiş etdirmək çağırışı ilə bəyanat qəbul edib. Bu sahədə vəziyyətin pisləşməsi təkcə hakimiyyətin dözümsüzlüyü ilə deyil, həm də jurnalistlərin kifayət qədər həmrəy olmaması ilə izah olunur.

Bəyanatda həmçinin qeyd edilir ki, problemin kökündən həlli üçün siyasi iradə tələb olunur.

Redaktorlar həbs edilmiş gənc fəallar Cabbar Savalan və Bəxtiyar Hacıyevi, habelə blogerlərin, jurnalistlərin və digər ictimai xadimlərin maraqlarını müdafiə edən, hakimiyyət tərəfindən təqib olunan vəkillər Osman Kazımov, Anar Qasımov, Elçin Namazov, Xalid Bağırova dəstək ifadə ediblər.

Media Hüquqları İnstitutunun nümayəndəsi Xalid Ağaliyev isə  qeyd edib ki, cari ilin ilk 6 ayında həbs olunan jurnalist olmasa da, söz azadlığı sahəsində vəziyyət yaxşılaşmayıb: “Məhkəmə iddialarına gəlincə, bu vəziyyət 2005-ci ildən bu yana dəyişmir və hazırda məhkəmələrdə jurnalistlər və qəzet redaksiyaları ilə bağlı 27 iş var. Bu dövr ərzində onlardan tələb olunan kompensasiyanın ümumi məbləği 630 min manat təşkil edib, məhkəmə bu məbləğin 25 min manatını müsadirə edə bilib. Jurnalistlərə qarşı təzyiqlər və təqiblər davam edir, onların oğurlanması və döyülməsi faktları da var. Bu hərəkətlərə müstəqil və müxalif jurnalistlərə qarşı yol verilir. Birinci yarımil ərzində 50-dən çox belə hal qeydə alınıb”.

Daha sonra redaktorlar “Gündəm xəbər” qəzetinin və müstəqil jurnalist Anar Neftəliyevin müraciətlərini müzakirə ediblər. Birinci halda Mətbuat Şurasının təşəbbüsü ilə Vergilər Nazirliyi tərəfindən qəzetə qarşı istintaq başlayıb. İkinci halda da məhkəmə iddiasının təşəbbüskarı Mətbuat Şurası olub.

Redaktorlar Mətbuat Şurasının ictimai təşkilat olduğu və yalnız tövsiyələr verməli olduğu halda nəzarət orqanına çevrildiyi barədə fikir bildiriblər.          

Hüquq müdafiəçisi Arzu Abdullayeva Eynulla Fətullayevin həbsindən sonra yaradılmış “İfadə azadlığı” Komitəsinin fəaliyyətini dayandırdığını elan edib.

“Xoşbəxtlikdən hazırda həbsdə olan jurnalist yoxdur, buna görə Komitə öz fəaliyyətini dayandırır”, –  deyə Abdullayeva bildirib.

Qeyd edək ki, Redaktorlar Birliyinin bu dəfəki iclasına “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacibəyli, RATİ sədri Emin Hüseynov, “Qafqaz-info” saytinin redaktoru Elbrus Ərud,  “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, RATİ-nin redaktoru İdrak Abbasov,  “Gündəm xəbər” qəzetinin baş redaktoru Şirin Cəfərli, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilli, “Femida-007” qəzetinin redaktoru Eyyub Kərimov, Azərbaycan Media Mərkəzinin rəhbəri Gülnarə  Axundova və digər jurnalistlər, habelə hüquq müdafiəçiləri qatılıblar. 

Previous Post

AZƏRBAYCAN İRANDA SOYDAŞLARIMIZIN MÜBARİZƏSİNƏ BİGANƏ QALMAMALIDIR

Next Post

JURNALİSTLƏRİN HƏMRƏYLİYİ GÜNÜ MƏRHUM JURNALİSTLƏRİN MƏZARI BAŞINDA QEYD EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.