"Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi" ictimai birliyi Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb.
Bu barədə bu gün (14 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) ictimai birliyin rəhbəri Lətafət Məlikova məlumat verib. Onun bildirdiyinə görə, iyunun 10-da Ədliyyə Nazirliyinə dəvət edilib və orada ona təşkilatın qeydə alınması barədə şəhadətnamə təqdim edilib.
Xatırladaq ki, L.Məlikova 2008-ci ilin noyabr ayından “Regional İnsan Haqları və Maarifləndirmə Mərkəzi” İB-nin qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət etmiş və qeydə alınmadığı üçün məhkəməyə müraciət etmişdi. Yasamal rayon məhkəməsində 1 iyul 2009-cu ildə iddianın təmin olunmaması ilə bağlı qərar çıxarılmışdı. 29 sentyabr 2009-cu ildə Bakı Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. İddiaçının kassasiya şikayətinə əsasən 27 yanvar 2010-cu ildə Ali Məhkəmə işə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsinə qərar vermişdi.