REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

avqust 30th, 2010
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün iki jurnalistin Prezident Administrasiyasının (PA) qarşısında polis təzyiqinə məruz qalması və administrasiyanın mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılmasını pisləyir və bu halı KİV nümayəndələrinə təzyiq kimi qiymətləndirir.

Belə ki, RATİ və “Turan” informasiya agentliyinin əməkdaşları Qəmbər Qəmbərov və Rasim Əliyev PA-nın qarşısında keçirilən etiraz aksiyası ilə bağlı çəkiliş aparmaq istəyərkən polis əməkdaşları onlara qarşı fiziki təzyiq göstərib və çəkiliş avadanlıqlarını zorla əllərindən almağa çalışıblar. Daha sonra Prezident Administrasiyasının mühafizə xidmətinin əməkdaşları jurnalistləri administrasiyasının binasına aparıblar. Orada çəkilişlərə baxış keçirilib və administrasiya binasının çəkilmədiyinə əmin olduqdan sonra jurnalistləri sərbəst buraxıblar.

RATİ bəyan edir ki, PA-nın inzibati binasının görüntüsünün çəkilməsi heç bir hüquqi normativ aktla qadağan olunmadığı   halda, jurnalistlərin saxlanması media nümayəndələrinin qanuni peşə fəaliyyətinə mane olmaqdır.

RATİ həmçinin vurğulayır ki, həmin ərazidə PA-nın binasının görüntüsünün çəkilməsini qadağan edən müvafiq xəbərdarlıq lövhələri vurulmamışdır.

RATİ xatırladır ki, PA-nın görüntüsünü çəkdiyinə görə jurnalistlərin saxlanması halları dəfələrlə baş vermişdir.

 
RATİ binanın çəkilməsinə icazə alınmasına ehtiyac olub-olmaması və bunun hansı qanunla tənzimləndiyi barədə PA-ya yazılı sorğu versə də, artıq 4 ay keçməsinə baxmayaraq, hələ də rəsmi yazılı cavab verilməmişdir.
 
RATİ onu da vurğulayır ki, dünyanın bir çox demokratik dövlətlərində  Prezident Administrasiyasının binasının görüntüsünün çəkilməsi məhdudlaşdırılmır və nəinki KİV nümayəndələri, vətəndaşlar, hətta turistlər belə bu binaların qarşısında şəkil çəkdirə bilərlər.

RATİ bəyan edir ki, media nümayəndələrinin fəaliyyətinə mane olunması jurnalistlərin sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi (məlumat azadlığı) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi ilə ziddiyyət təşkil edir. Həmçinin jurnalistin peşə fəaliyyətinə mane olma Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) ilə də cinayət məsuliyyəti yaradır.

RATİ Azərbaycan hakimiyyətini və Prezident Administrasiyasını beynəlxalq və yerli qanunlara hörmətlə yanaşaraq, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə şərait yaratmağa çağırır.