Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün 3 may Beynəlxalq Söz Azadlığı Günündə Azərbaycanda söz azadlığı sahəsində durumun çox kəskin vəziyyətə çatmasından olduqca narahatdır.
Belə ki, bu gün Azərbaycan həbsxanalarında saxta ittihamlarla şərlənərək həbs olunan 3 vicdan məhbusu saxlanılır. Onlardan biri “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, digərləri bloggerlər – Adnan Hacızadə və Emin Millidir (Abdullayev).
Beynəlxalq və yerli ictimaiyyətin israrlı çağırışlarına baxmayaraq bu vicdan məhbusları hələ də həbsxanadadır. RATİ xüsusilə vurğulayır ki, bu günlərdə Avropa İnsan Hüquqları Məhkəməsi Eynulla Fətullayevin əsassız həbsə atıldığını müəyyən edərək, onun dərhal azadlığa buraxılması barədə qərar çıxarsa da Azərbaycan iqtidarı bu qərarı icra etməkdən boyun qaçırır.
RATİ həmçinin bəyan edir ki, 2009 ilin əvvəlindən hakimiyyət Azadlıq Radiosu, BBC, Amerikanın Səsi radiostansiyalarının milli FM tezlikdə yayımını dayandırılıb və faktiki olaraq Azərbaycan əhalisini elektron informasiya vasitələrindən düzgün informasiya əldə etmək hüququndan mərhum edib.
Hakimiyyəti kəskin tənqidi məqalələri ilə qınağa çəkən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən beş il keçsə də, bu günə kimi bu qətlin icraçıları və sifarişçiləri cinayət məsuliyyətinə cəlb olunmayıblar. Keçən il ifadə azadlığına görə məhkum olunan “Talişi Sədo” qəzetinin baş reaktoru həbsxanada dünyasını müəmmalı şəkildə dəyişsə də, bu ölümə görə də günahkar olan şəxslər müəyyənləşdirilməyib. Bu ölüm onu göstərdi ki, həbsxanada saxlanılan jurnalistlərin həyati hər an təhlükə ilə üz- üzədir. Həbsxanada saxlanılan zaman Eynulla Fətullayevin paltarlarına narkotiklərin yerləşdirilməsi onu göstərir ki, jurnalisti həbsxanada ölüm təhlükəsi ilə yanaşı növbəti saxta cinayətlərdə ittiham etmə təhlükəsi də gözləyir.
Hakimiyyətin söz azadlığına qarşı mürtəce siyasəti nəticəsində, bu gün ölkədə müstəqil medianın inkişafı üçün heç bir zəruri şərait yoxdur. Son günlər hakimiyyət İnterneti də tənzimləmək qərarına gələrək, ölkədə söz azadlığını tamamilə məhv etmək istəyir.
RATİ Azərbaycan hökumətinə üz tutaraq söz azadlığını boğmağa yönələn addımlara son qoymağa, həbsdə olan 3 vicdan məhbusunu dərhal azad etməyə. Elmar Hüseynovun qatillərini və sifarişçiləri cinayət məsuliyyətinə cəlb etməyə, defamasiya haqqında qanun qəbul etməyə, yeni televiziya və radioların açılması üçün mütəmadi və şəffaf tenderlər keçirməyə, xarici radioların yeli tezliklərdə yayımına icazə verməyə, ölkədə media sahəsini tənzimləyən bir çox mürtəce qanunları liberallaşdırmağa çağırır.
RATİ Azərbaycanın üzv olduğu beynəlxalq qurumlara üz tutaraq onları Azərbaycanda söz azadlığına və insan haqlarına dəstəklərini və diqqətlərini artırmağa, eləcə də Azərbaycan hakimiyyətindən üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməyi tələb etməyə çağırır.