REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) iyunun 19-da jurnalistlər və hüquq müdafiəçiləri Səbail rayon məhkəməsinin qarşısında polis tərəfindən fiziki təzyiqə məruz qalmasını qətiyyətlə pisləyir və bunu hüquq müdafiəçilərinin və jurnalistlərin fəaliyyətinə mane olma kimi qiymətləndirir.

Belə ki, iyunun 19-da “Azadlıq” blokunun “sərbəst toplaşma və azad seçki” tələbilə keçirdiyi etiraz aksiyasında saxlanılan şəxslərin məhkəmə prosesində monitorinq aparmaq istəyən vətəndaş cəmiyyəti və media nümayəndələrinə qanuni  peşə fəaliyyətini yerinə yetirməyə polislər mane olub və onları məhkəmə prosesinə buraxmayıblar. Həmçinin polis bölməsində fiziki təzyiqə məruz qalaraq xəsarət alan Rövşən Nəsrlinin  görüntüsünün çəkilməsini əngəlləməyə cəhd göstərərək, jurnalistləri məhkəmə binasının qarşısından uzaqlaşdırıblar. Bu zaman hüquq müdafiəçiləri – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) ictimai birliyini sədri Anar Məmmədli və bir neçə  jurnalist polis əməkdaşlarının təzyiqi ilə üzləşiblər.

 
RATİ bəyan edir ki, qanuni peşə fəaliyyətini yerinə yetirən media nümayəndələrinin hadisə yerindən reportaj hazırlamasına və video-foto çəkiliş aparmasına mane olunması sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi (məlumat azadlığı) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi ilə ziddiyyət təşkil edir. Həmçinin jurnalistin peşə fəaliyyətinə mane olma Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) ilə də cinayət məsuliyyəti yaradır.

 

RATİ Azərbaycan hakimiyyətini və hüquq-mühafizə orqanlarını beynəlxalq və yerli qanunlara hörmətlə yanaşaraq, vətəndaş cəmiyyətinin nümayəndələrinə və jurnalistlərə peşə fəaliyyətini yerinə yetirməyə şərait yaratmağa, həmçinin  onlara təzyiq göstərmiş şəxsləri cəzalandırmağa çağırır.  

 

Previous Post

Aksiyada saxlanılanlardan 5-i həbs cəzası alıb 19.06.2010

Next Post

NARDARANLILAR YENİ TİKİLMƏKDƏ OLAN BAKI DAİRƏVİ YOLUNU BAĞLADILAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.