REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB

Bu gün (03 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

RATİ sədri Emin Hüseynovun imzaladığı müraciətdə deyilir:
 
“Cənab Prezident,

 2 iyun 2009-cu il tarixində Qaradağ Rayon Məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və  “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə keçirilən məhkəmə prosesində E.Fətullayev aclıq aksiyasına başladığını bildirib. Fətullayev vurğulayıb ki, Avropa Məhkəməsinin onun işi ilə bağlı çıxardığı qərardan ölkə başçısının xəbəri olub-olmamasını öyrənmək üçün aclıq aksiyasına başlayır. O çıxışında qeyd edib ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Avropa Şurasındakı Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov bu qərardan Avropa Məhkəməsinin Böyük Palatasına müraciət edildiyi barədə xalqa yalan məlumat veriblər. Fətullayev jurnalist həmkarlarına müraciət edərək, onların Prezident İlham Əliyev və ya Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşmələrini təklif edib. Jurnalistlərdən görüş zamanı Prezident İlham Əliyevin Avropa Məhkəməsinin qərarından məlumatlı olub-olmadığını öyrənməyi xahiş edən Fətullayev, həmçinin bu gündən aclıq aksiyasına başladığını və prezidentin qərardan xəbərdar olub-olmaması ilə bağlı məlumat almayınca aksiyanı davam etdirəcəyini deyib. “Prezident bütün məsələlərdə beynəlxalq hüquqa istinad edir, xüsusən də Qarabağ məsələsi ilə bağlı beynəlxalq konvensiyalardan irəli gələn qərarlara Ermənistanın əməl etməməsini qınayır. Əgər o, mənimlə bağlı Avropa Məhkəməsinin də qərarından məlumatlı olsaydı, o zaman bu qərarın icrası məsələsinə ciddi yanaşılardı” – deyə Fətullayev vurğulayıb.

Qeyd edək ki, Eynulla Fətullayev yerli və beynəlxalq ictimaiyyət tərəfindən Vicdan Məhbusu kimi tanınıb və 2009-cu il aprelin 22-də Avropa Məhkəməsi jurnalistin dərhal azadlığa buraxılması və Azərbaycan dövlətinin ona 27 min 822  avro məbləğində təzminat ödəməsi ilə bağlı qərarını açıqlayıb.

Cənab Prezident!

Eynulla Fətullayevin barəsində Avropa Məhkəməsində çıxarılmış qərardan xəbərdar olub-olmadığınız barədə məlumat verməyinizi, həmçinin media qurumlarının rəhbərləri ilə görüş keçirərək, bu qərarla bağlı müzakirələr aparmağınızı xahiş edirik.”

 
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.
Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.

Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

EYNULLA FƏTULLAYEVİN İYUNUN 2-DƏ KEÇİRİLƏN MƏHKƏMƏ PROSESİNDƏKİ ÇIXIŞI

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.