REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU VƏ İNSAN HÜQUQLARI KLUBUNUN BƏYANATI

 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və İnsan Hüquqları Klubu (İHK) hüquq müdafiəçisi Vidadi İskəndərlinin azadlıqdan məhrum edilməsini qəti şəkildə pisləyir və bunu hüquq müdafiəçilərinə qarş təzyiq kimi qiymətləndirir.

Bu gün (27 avqust) Göyçay rayon Məhkəməsinin hakimi Elxan Süleymanov hüquq müdafiəçisi, 2010-cu il parlament seçkiləri zamanı namizəd olmuş Vidadi İskəndərliyə 3 il müddətinə azadlıqdan məhrum edilmə cəzasının verilməsi barədə qərar çıxarıb. İskəndərli 2011-ci ilin aprelində müxalif İctimai Palatanın təşkil etdiyi aksiyaya gedərkən saxlanılıb və onun barəsində 15 günlük inzibati həbs seçilib. Bu müddət bitdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin 159.3 (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma), 160.1 (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) və 132-ci maddəsi (döymə) ilə başlanan cinayət işi əsas gətirilərək barəsində həbs qət-imkan tədbiri seçilmişdi. İskəndərlinin səhhətində onun həyatına təhlükə törədə biləcək problemlər var.

 

     RATİ və İHK-nin nümayəndələri iskəndərlinin cinayət işi üzrə Göyçay Rayon Məhkəməsində 2 ay davam edən məhkəmə proseslərinin hamısını müşahidə ediblər. RATİ və İHK bəyan edir ki, V. İskəndərlinin azadlıqdan məhrum edilməsi siyasi sifariş əsasında çıxarılan qərardır. Belə ki, İskəndərli 7 noyabr 2010-cu il tarixdə keçirilən parlament seçkiləri zamanı törətdiyi iddia edilən cinayətlərə görə seçkilərdən yalnız 6 ay sonra saxlanılıb, bu saxlanma cinayət işi ilə deyil, məhz aksiyada işitrak etmək istəyinə görə həyata keçirilib, məhkəmə prosesləri zamanı müdafiə tərəfinin çoxsaylı vəsatətləri təmin edilməyib, ittiham tərəfinin dindirilən bir sıra şahidləri nəinki İskəndərlinin əleyhinə, əksinə onun xeyrinə ifadə veriblər. Hətta istintaq tərəfindən tanınan zərərçəkən Şərafəddin Bayramov İskəndərlini ilk dəfə məhkəmədə gördüyünü  və məcbur edilsə belə onun üzünə dura bilməyəcəyini, bundan xəcalət çəkdiyini bildirmişdi. Proseslər zamanı İskəndərlinin özünə və vəkili Xalid Bağırova məhkəmə zalına keçirdilmiş provokator – Göyçay şəhər Kommunal Təsərrüfat Birliyinin sədri Loğman Əliyev vasitəsilə təzyiqlər edilmiş, proses zamanı jurnalistlərin foto və video çəkiliş, eyni zamanda audio yazılış aparması qadağan edilmiş, məhkəmənin qarşısında baş verən hadisələri işıqlandırmaq istəyən jurnalistlər prosesə cəlb edilmiş çoxsaylı polislərin təzyiqlərinə məruz qalmışdır.  İskəndərlinin vəkili Xalid Bağırovun vəkillik fəaliyyəti bir il müddətinə dayandırılmışdır.  

 

            RATİ və İHK bəyan edir ki, İskəndərliyə qarşı bu “cəza” onun aktiv hüquq müdafiə fəaliyyətinə görə verilib. İskəndərli xüsusən regionlarda vətəndaşalrın hüquqlarının müdadfiəsini həyata keçirmiş, seçkilər zamanı baş verən saxtakarlıqlara qarşı sərt mövqeyini bildirmiş, yol verdiyi nöqsanlara və qanunsuzluqlara görə Baş Prokuror Zakir Qaralovu, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovu və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovu davamlı olaraq tənqid etmişdir.

           

            RATİ və İHK qeyd edir ki, İskəndərlini saxta ittihamlarla azadlıqdan məhrum edən hakimiyyət bir daha beynəlxalq icitimaiyyət tərəfindən qəbul edilən prinsiplərə bganəliyini nümayiş etdirmiş oldu. Birləşmiş Millətlər Təşkilatının 9 dekabr 1998-ci ildə qəbul etdiyi “Hüquq müdafiəçiləri haqqında Bəyannamə”, “Hüquq müdafiəçiləri ilə bağlı Avropa Birliyinin Qaydaları”, Avropa Şurasının quruma üzv-ölkələrdə hüquq müdafiəçilərinin vəziyyəti ilə bağlı hesabatlardakı Tövsiyələr hüquq müdafiəçilərinin fəaliyyətinin maneəsiz həyata keçirilməsini təsbit edir. Dövlətlərin üzərinə insan hüquqlarını müdafiə edən bütün şəxslərin müdafiəsi üçün bütün zəruri tədbirləri həyata keçirmək öhdəliyi qoyulur.   

           

            RATİ və İHK Azərbaycan hakimiyyətindən, konkret olaraq Prezident İlham Əliyevdən bu ədalətsizliyi aradan qaldırmağı, İskəndərlini dərhal azadlığa buraxmaq üçün səylər göstərməyi və qərarı çıxarmış hakim də daxil olmaqla bütün təqsirkar şəxsləri cəzalandırmağı tələb edir. RATİ və İHK beynəlxalq ictimaiyyəti bu məsələyə biganə yanaşmamağa, İskəndərlinin dərhal azadlığa buraxılması üçün Azərbaycan hakimiyyətinə təzyiqlər göstərməyə, zərurət yaranaçağı təqdirdə hətta konkret məmurlara qarşı Avropa Birliyi ölkələrinə buraxılmama kimi sanksiyalar tətbiq etməyə çağırır.        

 

 

Previous Post

ELÇİN NAMAZOV CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNA BİLƏR

Next Post

HƏFTƏNİN ƏSAS XƏBƏRLƏRİ 22 27 AVQUST 2011

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.