Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün iki jurnalistin Prezident Administrasiyasının (PA) qarşısında polis təzyiqinə məruz qalması və administrasiyanın mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılmasını pisləyir və bu halı KİV nümayəndələrinə təzyiq kimi qiymətləndirir.
RATİ bəyan edir ki, PA-nın inzibati binasının görüntüsünün çəkilməsi heç bir hüquqi normativ aktla qadağan olunmadığı halda, jurnalistlərin saxlanması media nümayəndələrinin qanuni peşə fəaliyyətinə mane olmaqdır.
RATİ həmçinin vurğulayır ki, həmin ərazidə PA-nın binasının görüntüsünün çəkilməsini qadağan edən müvafiq xəbərdarlıq lövhələri vurulmamışdır.
RATİ xatırladır ki, PA-nın görüntüsünü çəkdiyinə görə jurnalistlərin saxlanması halları dəfələrlə baş vermişdir.
RATİ bəyan edir ki, media nümayəndələrinin fəaliyyətinə mane olunması jurnalistlərin sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi (məlumat azadlığı) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi ilə ziddiyyət təşkil edir. Həmçinin jurnalistin peşə fəaliyyətinə mane olma Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) ilə də cinayət məsuliyyəti yaradır.
RATİ Azərbaycan hakimiyyətini və Prezident Administrasiyasını beynəlxalq və yerli qanunlara hörmətlə yanaşaraq, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə şərait yaratmağa çağırır.