
İldönümündə, RATİ Rasim Əliyev üçün ədalətin təmin olunmasını istəyir
09 avqust 2016-cı il
Jurnalist və hüquq müdafiəçisi Rasim Əliyevin amansız şəkildə qətlə yetirilməsinin birinci ildönümündə RATİ Azərbaycan hakimiyyətini işi hərtərəfli araşdırmağa və Əliyevin ölümündə əli olan bütün potensial şübhəliləri, o cümlədən 1 saylı Şəhər Klinik Xəstəxanasının tibb personalını və polisləri, ciddi şəkildə təqib etməyə çağırır. RATİ-nin dərc etdiyi Rasim Əliyevin “Üstü Açılmamış Qətli” adlı son hesabatı heç də bütün günahkar tərəflərin ədalət mühakiməsi qarşısına çıxarılmadığına dair aydın sübutlar irəli sürür və çoxsaylı cavabsız qalmış sualları ayrıntılı şəkildə təqdim edir.
Aylardır ki, günahkar şəxslərin məsuliyyətə cəlb olunmasına siyasi iradənin aşkar yoxluğu ilə bağlı narahatlıqlar artmaqdadır.
“Həmkarımız Rasim Əliyevin barbarcasına qətlə yetirilməsindən bir il keçdiyi bir vaxtda nəinki onun ölümündə günahkar olanların cəzasız qalması, hətta ölkədə ifadə azadlığı ilə bağlı vəziyyətin daha da pisləşməsi və gələn ay Azərbaycanda mübahisəli referendumun keçiriləcəyi bizdə ciddi narahatlıq doğurur,” deyə RATİ-nin təsisçisi və rəhbəri Emin Hüseynov bildirib.
Jurnalistin ölümünü araşdırmaq üçün yaradılmış ekspert qrupu tərəfindən aparılan araşdırma və analiz qətlin siyasi motivli olmasını deməyə ciddi əsaslar verir.
“Rasim Əliyevin qətli ilə bağlı apardığımız müstəqil araşdırma onu göstərir ki, bu iş hələ qapanmayıb. Biz hakimiyyəti yeni istintaqın başlanmasına, məsələyə aidiyyəti olan tibb personalı və polislərin dərhal məhkəmə qarşısına çıxarılmasına, və ən əsası, Rasim Əliyevin peşə fəaliyyətinə cinayətin törədilməsində bir motiv kimi baxılmasına çağırırıq. Müstəntiqlərin bu barbarcasına törədilmiş cinayətdə bütün şübhəliləri, o cümlədən cinayətin təşkilatçısını müəyyənləşdirərək həbs etmək öhdəliyi vardır,” deyə Hüseynov əlavə edib.
Jurnalist ölümündən əvvəl, 25 iyul 2015-ci il tarixində jurnalist fəaliyyətinə görə sosial şəbəkə vasitəsilə təhdid alıb və hüquq mühafizə orqanlarına bu barədə məlumat verib. Təəssüf ki, rəsmilər jurnalistin təhlükəsizliyinin təmin edilməsi üçün hər hansı addım atılmayıb. Ancaq bu məsələ istintaq orqanı və məhkəmə tərəfindən araşdırılmayıb və həmin polislər də cəzalandırılmayıb.
Bundan başqa, RATİ vurğulayır ki, Rasim Əliyevin ölümündə əli olan həkimlər də cəzalandırılmayıb. Rasim Əliyevə xəstəxanada olduğu 8-9 saat ərzində lazımi tibbi yardım göstərilməyib. İlkin müayinələr zamanı sinusda maye aşkar edildiyi halda, jurnalist təkrar müayinələrdən keçirilməyib. Hətta qabırğası qırıldığı halda ona adi bir tibbi müdaxilə hesab edilən korset belə qoyulmayıb.
Xatırladaq ki, 1 saylı Şəhər Klinik Xəstəxanasında bundan öncə də, 2011-ci ildə jurnalist Rafiq Tağı aldığı bıçaq zərbələrinə rəğmən əməliyyat olunaraq sağ qalmasına və daha sonra hətta müsahibə verməsinə baxmayaraq, sonradan müəmmalı şəkildə vəfat edib. Rafiq Tağının ölümü ilə bağlı cinayət işi üzrə icraat dayandırılıb. Elmar Hüseynovun da qatilləri həbs olunmayıb. Hökumət jurnalist cinayətlərinin üstünün açılmasında maraqlı deyil və bu hal Rasim Əliyevin işində də təkrar edilir.
“Rasim Əliyev təsadüfi gündə döyülməyib. O RATİ-yə edilmiş basqının ildönümü günü döyülüb. Rasim Əliyev qanunsuz cinayət təqibindən yaxa qurtarmağımda mənə yardımçı olan şəxslərdən biri olub. Rasimin qətli siyasi motivlidir. O təhdid olunub və düşünürəm ki, onun Facebook səhifəsində yazdığı statusdan istifadə edərək onun ölümü həyata keçirilib,” deyə Emin Hüseynov qeyd edib.
“Rasim Əliyevin ölümü ilə bağlı bizim öz araşdırmamız hələ başa çatmayıb. Biz həqiqəti öyrənənə qədər bütün faktları və halları araşdırmağa davam edəcəyik,” Hüseynov bildirib. RATİ-nin hesabatında belə bir ehtimal irəli sürülür ki, başqa bir mümkün motiv “Hüquqlar üçün İdman” (Sport for Rights) kampaniyası ilə bağlılıq ola bilər. “Piar cəhdlərinin uğursuzluqla nəticələnməsindən məyus olmuş hakimiyyət “Hüquqlar üçün İdman” kampaniyasından qisas almağa çalışa bilərdi. Hüquq müdafiəçisi və jurnalistə qarşı hücumun bir qrup atlet tərəfindən və digər tanınmış jurnalist, “Hüquqlar üçün İdman” kampaniyasının üzvü Emin Milliyə Azərbaycanın İdman Naziri Azad Rəhimovdan qorxuducu mesajın gəlməsinin dərhal sonrasında baş verməsi qətllə kampaniya arasında mümkün bağlılığa işarədir,” deyə hesabatda bildirilir.
RATİ hökuməti jurnalist Rasim Əliyevin qətlini tam şəkildə araşdırmağa, qətldə iştirak edən bütün şəxsləri cəzalandırmağa və ölkədə jurnalistlərə edilən təzyiqlərlə bağlı yaranmış cəzasızlıq mühitini aradan qaldırmağa çağırır.
RATİ həmçinin beynəlxalq təşkilatları, o cümlədən ATƏT-i və Avropa Şurasını Azərbaycan hökumətindən media azadlığı ilə bağlı öhdəliklərini yerinə yetirməyi və jurnalistlərə qarşı cinayətlərin ədalətli araşdırılmasını tələb etməyə çağırır.