Tanınmış Fəal Prezidentin Səlahiyyətlərinin Genişləndirilməsi Barədə Keçiriləcək Referenduma Qarşı Apardığı Kampaniyaya Görə Həbs Olunub

natiq

Bəyanat

“Azərbaycan hakimiyyəti Respublikaçı Alternativ (ReAl) Hərəkatının üzvü Natiq Cəfərlini dərhal azad etməli və ona qarşı açılmış cinayət işinə xitam verməlidir,” deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün bildirib. Bu yaxınlarda keçiriləcək və prezidentin səlahiyyət dairəsinin genişləndirilməsi məqsədini güdən milli referendumu dinc yolla tənqid edən Cəfərli cümə günü həbs olunub.

Azərbaycan sürətlə sülalə hakimiyyətinə doğru irəliləyir. Sentyabrın 26-da seçicilər uzun müddətdir hakimiyyətdə olan prezident İlham Əliyev və onun ailəsinə əlavə səlahiyyətlər verən konstitusiya dəyişiklikləri barədə öz qərarlarını verəcəklər.

Natiq Cəfərli 12 avqust 2016-ci il tarixində gecə saatlarında həbs edilib. Bakı məhkəmələrindən biri Cəfərliyə qarşı Cinayət Məcəlləsinin 192.1-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürüb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Gecə saatlarında Natiq Cəfərlinin evində axtarış aparılıb, iki kompüter və bəzi hüquqi sənədlər götürülüb.

“Natiq Cəfərli Konstitusiyaya Prezident Əliyev tərəfindən təklif olunmuş repressiv dəyişiklikləri mübahisələndirməyə cəsarət edən azsaylı şəxslərdən biridir,” deyə RATİ direktoru Emin Hüseynov qeyd edib.

“Cəfərli tənqidçilərin uzunmüddətli həbs cəzaları, şantaj və hətta qətllə susdurulduğu Azərbaycanda korrupsiya və hakimiyyətdən sui-istifadəyə qarşı çoxdandır ki mübarizə aparır. Ona qarşı cinayət təqibi tənqidi səsləri susdurmaq üçün istifadə olunan tipik saxta ittihamlara bənzərlik təşkil edir və bu cinayət təqibinə dərhal son verilməlidir,” deyə Hüseynov bildirib.

Təqsirli bilinəcəyi halda 8 il həbs cəzasına məhkum olunmaq riski olan Cəfərli sədri İlqar Məmmədovun 3 il yarımdır ki qanunsuz olaraq həbsdə saxlanıldığı ReAl hərəkatının aparıcı fiqurlarından biridir. 2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi sərt qərar çıxararaq bu nəticəyə gəlib ki, İlqar Məmmədovun həbsində məqsəd “[onu] hökuməti tənqidinə görə susdurmaq və ya cəzalandırmaq olub.” Bu qərara istinad edərək, Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Məmmədovun azadlığa buraxılmasına çağırıb. Buna baxmayaraq, Məmmədov hələ də həbsdədir.

RATİ bildirir ki, Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsinin Təşkilati məsələlər üzrə Katibi və “Respublikaçı Alternativ” Referendum Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsi Natiq Cəfərlinin həbsi referendum öncəsi müstəqil səsləri susdurmaq üçün siyasi sifariş əsasında həyata keçirilib. ReAl Hərəkatı Konstitusiyaya mürtəce dəyişikliklər edilməsi üçün keçiriləcək referendumun əleyhinə təşviqat aparmaq üçün “Respublikaçı Alternativ” Referendum Təşəbbüs Qrupunun müvafiq sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etmiş və ilkin qeydiyyatdan keçmişdir.

“Konstitusiyaya təklif olunan dəyişiklikləri tənqid etdiyi üçün fəalı susdurmaqla, Azərbaycan hakimiyyəti hər bir şəxsin konstitusiya layihəsi barədə öz fikirlərini bildirmək və sərbəst şəkildə səs vermək hüququnu təmin edən beynəlxalq insan hüquqları təminatlarını göz ardı edib,” deyə RATİ bildirib.

“İnsanlar öz düşüncələrini azad şəkildə ifadə edə və ya siyasi fəaliyyətlərdə qorxusuz iştirak edə bilmirlərsə, onlar bu referendumda necə əhəmiyyətli şəkildə iştirak edə bilərlər? Rejim insanlardan bu olduqca məhdudlaşdırıcı və qeyri-demokratik siyasi formatın lehinə susaraq səs vermələrini gözləməməlidir,” deyə Hüseynov vurğulayıb.

Son illərdə, daha çox 2013-cü il prezident seçkiləri və ya 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunları kimi mühüm siyasi hadisələrin ərəfəsində və ya sonrasında Azərbaycanlı hüquq müdafiəçiləri dəfələrlə qərəzli cinayət təqibi və saxta ittihamlarla üzləşiblər. Hüquq müdafiəçiləri tez-tez səlahiyyətlərdən sui-istifadə, mənimsəmə və vergidən yayınma kimi maliyyə cinayətlərində, eləcə də dələduzluq və hədə-qorxu ilə tələb etmə kimi digər cinayətlərdə təqsirləndiriliblər.

RATİ xəbərdarlıq edir ki, Cəfərlinin tələsik həbsinin ardınca, xüsusilə də 2014-cü ildə müstəqil QHT-ləri sıradan çıxarmaq üçün açılmış cinayət işi çərçivəsində yeni həbslər baş verə bilər. Xatırladaq ki, bu cinayət işi çərçivəsində 2014-cü ildə hüquq müdafiəçisi Rəsul Cəfərov, İntiqam Əliyev, jurnalist Xədicə İsmayıl həbs edilib. Natiq Cəfərli də son aylarda bu cinayət işi çərçivəsində dəfələrlə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirilmişdir. 2014-cü ilin sentyabrından 2016-ci ilin fevralına kimi Natiq Cəfərlinin ölkədən çıxışına qanunsuz olaraq qadağa qoyulub.

2009-cu ildə konstitusiyada təsbit olunmuş iki müddətlik prezidentlik limiti referendum yolu ilə çıxarılıb. Avropa İnsan Hüquqları Konvensiyasına əsasən, Avropa Şurasına üzv ölkələrin bütün vətəndaşlarının demokratik idarəetmə hüquqları var. Azərbaycanda prezidentlik müddəti limitinin çıxarılması (Maddə 101, V) Avropa İnsan Hüquqları Konvensiyasının və beynəlxalq hüququn pozuntusunu təşkil edir.

Qanunun aliliyinin əsasını hakimiyyət bölgüsü təşkil edir. Prezidentli sistemə malik bir ölkədə, hakimiyyət prezidentin üzərində təmərküzləşməyə meylli olur, qanunverici və məhkəmə hakimiyyətləri isə nisbətən daha zəif olur. Buna görə də, səlahiyyətlərin prezidentin əlində daha çox cəmlənməsinin qarşısını almağın metodu rejimin seçki yolu ilə müntəzəm qaydada dəyişməsidir.

Azərbaycan ardıcıl prezidentlik müddətlərinin sayına limitin olmadığı yeganə Avropa Şurası ölkəsidir. Prezidentlik müddətinin (5 ildən 7 ilə) uzadılması təklifi referendumda qəbul olunarsa, Azərbaycan dünyada Suriyadan sonra prezidentin yeddi illik səlahiyyət dövrünə malik olduğu və ardıcıl olaraq qeyri-məhdud sayda prezident seçilməyin mümkün olduğu ikinci ölkə olacaq.

RATİ Azərbaycanın ikitərəfli və çoxtərəfli tərəfdaşlarını dəfələrlə xəbərdar edib ki, bu cür format demokratik cəmiyyətdə qəbuledilməzdir və onsuz da narahatedici olan insan hüquqları durumunun daha da pisləşməsinə aparıb çıxaracaq. Lakin, ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkelin də aralarında olduğu dünya liderləri prezident Əliyevi qəbul edir və onun əlini sıxır. RATİ bu addımı Əliyev rejiminin bütün fərqli düşüncə və demokratik dəyərlərə qarşı davam edən repressiyası üçün təsdiq möhürü hesab edir.

“Azərbaycanın tərəfdaşları Azərbaycan xalqının hüquq və azadlıqlarının müdafiəsinə qalxmalıdır. Avropa Şurasının Parlament Assambleyası, Nazirlər Komitəsi və Baş Katibi mövcud kritik duruma diqqət yetirməli və Konstitusiyaya qeyri-demokratik dəyişikliklərin ediləcəyi halda Azərbaycan hökumətinə münasibətdə bütün mümkün intizam tədbirlərini görməlidir,” deyə Emin Hüseynov əlavə edib.

RATİ bəyan edir ki, ölkənin ağır sosial iqtisadi böhranını gizlədərək aparılan saxta təbliğatları ifşa etməsi, respublikanın real iqtisadi durumunu elmi təhlillərlə ortaya qoyması və referenduma qarşı çıxışlar etməsi Natiq Cəfərlini hakimiyyətin hədəfinə gətirmiş oldu.

RATİ bildirir ki, Əliyev rejimi yenə də yay aylarında müstəqil fikirli şəxslərə qarşı öz təzyiqini gücləndirib. Belə ki, müxalif partiya olan AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində ölümlə hədələnir, Natiq Cəfərli müstəqil vəkillə təmin edilmir və gizli məhkəməsi keçirilir.

RATİ Azərbaycan hakimiyyətini Natiq Cəfərlini və eyni zamanda ReAl hərəkatının həbsdə olan sədri İlqar Məmmədovu dərhal azad etməyə, alternativ səslərə edilən təzyiqlərə son verməyə və vətəndaş cəmiyyətinin müstəqil institutlarının sərbəst fəaliyyətini təmin etməyə çağırır.

RATİ beynəlxalq ictimaiyyətdən Azərbaycanda insan hüquqlarının rəsmi Bakının ATƏT, BMT və Avropa Şurası çərçivəsindəki öhdəliklərinə zidd olaraq kobud şəkildə pozulması hallarına sərt reaksiya verməyə çağırır.

RATİ hesab edir ki, Azərbaycanın tərəfdaşları qanunsuz əldə olunmuş aktivlərin dondurulması və hakim elita üzvlərinin sərbəst hərəkətinin məhdudlaşdırılması kimi sanksiyaların tətbiqini ciddi şəkildə nəzərdən keçirməyə başlamalıdır. Yüksək çinli məmurlar arasında hakimiyyətdən sui-istifadə və varlanma kimi faktorlar rejimin tənqidçilərinə qarşı amansız repressiyanın əsas stimullarıdır.

Previous Post

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun jurnalist Rasim Əliyevin ölümünün birinci ildönümü ilə bağlı bəyanatı

Next Post

Reportyorların Azadlıq və Təhlükəsizik İnstitutunun Azərbaycanda Konstitusiya Referendumunun Nəticələri Barədə Bəyanatı

Start typing to see posts you are looking for.