SƏRHƏDSİZ REPORTYORLAR JURNALİSTLƏRİN DÖYÜLMƏSİNİN ARAŞDIRILMAMASINI PİSLƏYİB

avqust 27th, 2010

“Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlov və “Milli yol” qəzetinin baş redaktorunun müavini Anar Gəraylının iyulun 28-də fiziki təzyiqə məruz qalması ilə əlaqədar

Xəzər rayon Polis İdarəsinin təhqiqat şöbəsinin aparılan araşdırılmanın nəticəsi olaraq cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar bu gün (27 avqust) jurnalistlərə təqdim olunub. Xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elmin Bədəlovun özü verib.  

 

Xəzər rayon Polis İdarəsinin təhqiqat şöbəsinin baş təhqiqatçısı Elgiz Teymurov və şöbənin rəisi İntiqam Rüstəmov tərəfindən imzalanmış qərarda kifayət qədər ziddiyyətli məqamların və təhriflərin olduğunu deyən Elmin Bədəlov bildirdi ki, bu qərarı Media Hüququ İnstitutuna təqdim edəcək və qərardan Xəzər rayon məhkəməsinə şikayət verəcəklər.

 

Qeyd edək ki, cinayət işinin başlanılmasının rədd edilməsi ilə bağlı bir neçə gün əvvəl “Yeni Müsavat” qəzetinin redaksiyasına məktub daxil olmuşdu. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev tərəfindən imzalanmış məktubda bildirildi ki, jurnalistlər Şimal DRES qəsəbəsində «Мауак» bağlar ərazisində iş adamı Emin Ələsgərova məxsus bağ evinin darvazasının üstünə çıxıb fotoşəkil çəkərkən bağın təsərrüfat işlərinə baxan vətəndaş Arif Musayev onların oğurluq etdiklərini zənn edib. Məktubda o da qeyd olunub ki, bu səbəbdən onları nəzarət otağına aparsalar da, jurnalist olduqları məlum olandan sonra sərbəst buraxıblar. Həmçinin jurnalistlərin fiziki döyülərək fiziki xəsarətlər almasının şahid ifadələri tərəfindən təsdiqlənmədiyi, ekspertiza zamanı aşkar olunmuş xəsarətlərin isə müxtəlif şəraitdə, о cümlədən hündürlükdən yıxılma zamanı ətrafda olan qabarıq küt əşyalara dəymə nəticəsində törənməsinin istisna olunmadığı da vurğulanıb.

 

    Sərhədsiz Reportyorlar  təşkilatı Azərbaycan hakimiyyətinin “Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlov və “Milli yol” qəzetinin baş redaktorunun müavini Anar Gəraylıya  qarşı varlı biznesmenin özəl təhlükəsizlik gözətçiləri tərəfindən edilmiş hücumları araşdırmaqdan imtina etməsini  pisləyib.

 

    Bəyanatda bildirilir ki, “Yeni Müsavat qəzetinin rəhbərliyi Daxili İşlər Nazirliyinə şikayət ərizəsi təqdim etsə də, polis jurnalistlərin hər hansı hücuma və yaxud zorakılığa məruz qalmadığında israr edir və deyir ki, əksinə, jurnalistlər fotolar çəkməklə biznesmen Emin Ələskərovun özəl həyatına müdaxilə ediblər.

 

    Sərhədsiz Reportyarlar deyir ki, bu iddialara baxmayaraq, polis jurnalistlərin biznesmen Ələskərovun evinin içərisində şəkil çəkdiyinə dair hər hansı dəlil təqdim edə bilməyib və darvazalar çox hündür olduğundan jurnalistlərin onları aşması mümkün deyildi.

 

    Sərhədsiz Reportyorlar bildirir ki, villanın təhlükəsizlik işçiləri jurnalistlərə qarşı güc tətbiq edildiyini inkar etmirlər. "O da məlum olub ki, jurnalistlər gözətçi otağına aparılıblar və onların kameralarının yaddaş kartında olanlar pozulub".

 

    Polis jurnalistlərdə döyülmə əlamətlərinin olduğunu etiraf etsə də, iddia edir ki, tibbi ekspertizaya əsasən, həmin əlamətlər, məsələn, "jurnalistlərin darvazaya dırmaşarkən yıxılmalarını da göstərə bilər".

 

    Sərhədsiz Reportyorlar xatırladır ki, hökumət insanların şəxsi icazəsi olmadan foto çəkilişinin qadağan edilməsinə dair ötən il qanuna edilmiş dəyişiklərdən jurnalistlərə qarşı istifadə olunmayacağını bildirmişdi.

 

    Sərhədsiz Reportyorlar təşkilatının rəyincə, "belə görünür ki, bu qanundan indi medianın işinə məhdudiyyətlər qoymaq üçün istifadə edilir" və təşkilat bundan təəssüfləndiyini bildirir.

 

    Xatırladaq ki, 28 iyulda reportaj hazırlayarkən jurnalistlər E.Bədəlov və A.Gəraylı fiziki təzyiqə məruz qalıblar, “Yeni Müsavat” qəzetinin redaksiyasına məxsus fotoaparat zədələnib. Zərərçəkmişlər bildiriblər ki, nəqliyyat naziri Ziya Məmmədovun olduğu bilinən imarətin şəklini çəkən zaman mühafizəçilər tərəfindən döyülüblər. 3 saata yaxın saxladıqdan sonra fotoaparatın yaddaşında olan şəkilləri silməklə yanaşı, kartı da sındıraraq, jurnalistləri sərbəst buraxıblar. Lakin sonradan rəsmi qurumlar bildiriblər ki, həmin imarət Ziya Məmmədova deyil, iş adamı Emin Ələsgərova məxsusdur.