Söz Azadlığı Araşdırma Şəbəkəsi (SAVAŞ) İctimai Birliyi bəyanat yayıb. Bu gün (19 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) daxil olan bəyanatda bildirilir ki,
“Demokrat” və “Bizim Yol” qəzetlərinin reportyoru Əfqan Muxtarı bir müddət öncə “Demokrat” qəzetində dövlət başçısı İlham Əliyevin Göy Göldəki istirahət kompleksindən hazırladığı reportaja görə basqılara məruz qalmışdır. Məhz bu reportaj səbəb kimi göstərilərək jurnalist “Bizim Yol” qəzetindən kənarlaşdırlımışdır.
“Azərbaycanda söz azadlığı ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəliklər və konstitusiya ilə təsbit olunmuş hüquqlar kobud şəkildə pozulmaqdadır. Milli Mətbuatın 135 illiyi ərəfəsində jurnalistin peşə fəaliyyəti ilə bağlı təzyiqlə üzləşməsinin daha bir biabırçı faktının şahidi olduq” – deyə qeyd olunan bəyanatda vurğulanır ki, “SAVAŞ” ictimai birliyi bu faktı qətiyyətlə pisləyir və bunu Azərbaycanda azad sözə, müstəqil mediaya qarşı növbəti kampaniya hesab edir.
“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev isə öz növbəsində Əfqan Muxtarlının işdən uzaqlaşdırılmasının səbəbinin yazdığı reportajla bağlı olmasını inkar edib. O, RATİ-yə bildirib ki, o, Əfqan Muxtarlının “Demokrat” qəzetində belə bir reportaj yazmasından tamamilə xəbərsizdir. “Əfqan Muxtarlı redaksiya tərəfindən verilmiş tapşırıqları vaxtında yerinə yetirmədiyinə görə ona irad bildirmişəm. Bu iraddan sonra isə o, ümumiyyətlə işə gəlməyib“ – deyən B.Həziyev vurğuladı ki, bu məsələni siyasiləşdirməyə çalışanların hansı məqsəd güddüklərini bilmir.
Məsələ ilə bağlı Əfqan Muxtarlının da mövqeyini öyrənmək istəsək də, jurnalist heç bir açıqlama vermək istəmədiyini bildirdi.