ÜMUMDÜNYA SÖZ AZADLIĞI GÜNÜNDƏ ELMAR HÜSEYNOVUN QƏBRİ ZİYARƏT EDİLİB

Bu gün (03 may) jurnalistlər, hüquq müdafiəçiləri, ictimai xadimlər və beynəlxalq təşkilatların nümayəndələri Ümumdünya Söz Azadlığı Günü münasibətilə “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qəbrini ziyarət ediblər.

Ziyarət zamanı çıxış edənlər Azərbaycanda söz azadlığının indiki durumuna və mövcud problemlərə toxunublar.
Millət vəkili Pənah Hüseyn söz azadlığı uğrunda gərgin mübarizə aparan müstəqil jurnalistlərə minnətdar olduğunu deyib. Ölkənin az da olsa müsbət imicinin məhz belə jurnalistlərin xidməti olduğunu vurğulayıb.
Jurnalist Şahvələd Çobanoğlu Elmar Hüseynovun ideyalarının bu gün bütün jurnalistlərin istinad nöqtəsinə çevrilməli olduğunu və bü günkü ziyarətin məhz bu məqsədə xidmət etdiyini deyib. Çobanoğlu Elmar Hüseynovun söz azadlığı da daxil olmaqla bütün azadlıqların olacağı cəmiyyət üçün mübarizə apardığını bildirib və jurnalistləri, media nümayəndələrini belə bir cəmiyyətin qurulması uğrunda mübarizə aparmağa, bir olmağa çağırıb.
    “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov Elmar Hüseynovun öldürülməsi ilə müəyyən jurnalistlərin qorxudulduğunu, nəticədə qorxduqları üçün həmin jurnalistlərin müstəqil jurnalistikadan uzaqlaşdıqlarını vurğulayıb. “Bununla belə burada iştirak edən hər bir şəxsi  komandir kimi qəbul edirəm, sizlərin hər birinə təşkilatlanaraq, ətrafınıza insanlar toplayaraq söz azadlığı uğrunda mübarizə aparmağı arzulayıram”, – deyə Zahidov qeyd edib.
    “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev söz azadlığının vəziyyəti ilə bağlı öz narahatçılığını ifadə edib. O ötən ilin bu günü Qənimət Zahidovun həbsdə olduğunu, hazırda isə azadlığı buraxıldığını xatırladaraq, gələn il bu bayram günündə E. Fətullayevin, Emin Millinin və Adnan Hacızadənin iştirak etməsini arzulayıb.  
    Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov Elmar Hüseynovun qətlinin üstünün açılmadığını xüsusi vurğulayaraq, bu qətlin arxasında Azərbaycan hakimiyyətində təmsil olunana yüksək çinli məmurların dayandığını bildirib. Hüseynov “media kapitanları” adlandırılan şəxslərin, Mətbuat Şurasının və Şuraya daxil olan KİV-lərin ziyarətə qatılmamasını mənfi hal kimi qiymətləndirib.  
 
Previous Post

“XXI ƏSRDƏ İNTERNETİN DÖVLƏT TƏNZİMLƏNMƏSİNƏ EHTİYAC VARMI?” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.