VƏTƏNDAŞ CƏMİYYƏTİ NÜMAYƏNDƏLƏRİ POLİS TƏRƏFİNDƏN SAXLANILMASI İLƏ BAĞLI DÖVLƏT QURUMLARINA MÜRACİƏT

avqust 27th, 2010

Sabirabad rayonunda monitorinq aparan “Kür” vətəndaş cəmiyyəti qərargahının üzvlərinin polis tərəfindən saxlanılması ilə bağlı qərargahın üzvü, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev Daxili İşlər nazirinə müraciət edib, həmçinin  Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla əlaqə saxlayıb.

O, bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində "Kür" Vətəndaş Cəmiyyəti Qərargahının toplantısında məlumat verib.

 

    Mehman Əliyev bildirib ki, artıq bir aya yaxındır qərargahın üzvləri fəlakət bölgəsində – Sabirabad, Saatlı və İmişli rayonlarında əhaliyə dəymiş ziyanla bağlı monitorinqlər aparırlar.  “Əvvəllər də icra hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və polis orqanları tərəfindən müxtəlif formalı təzyiqlər olsa da, srağagün və dünən açıq şəkildə rayon ərazisini tərk etmək tələb olunub” – deyən Mehman Əliyev vurğuladı ki, Əli Həsənovla əlaqə saxlayan zaman ona vəziyyəti izah edib. “Vətəndaş cəmiyyəti nümayəndələrinin tam qanuni fəaliyyətlə məşğul olduğunu dedim və bildirdim ki, şübhələri varsa, öz nümayəndələrinin də işçi qrupuna daxil edə bilərlər” – deyə M.Əliyev qeyd etdi. O, əlavə etdi ki, fəlakət baş vermiş ərazilərdə əhaliyə yardım və bərpa işləri ilə bağlı müxtəlif maliyyə maxinasiyalarına yol verilməsi ilə bağlı ciddi şübhələr yaranıb. O, məhz bu maxinasiyaların aşkarlanmasından narahat olduqları üçün vətəndaş cəmiyyəti nümayəndələrinin ərazidə monitorinq aparılmasına mane olduqlarını da xüsusi vurğuladı.

 

    Xatırladaq ki, avqustun 25-də və 26-da “Kür” vətəndaş cəmiyyəti qərargahının nümayəndələri Oqtay Gülalıyev, Mübariz Tağıyev və Şaban Əsgərov polis tərəfindən saxlanılıb və onlara monitorinq aparmamaqla bağlı xəbərdarlıq edilib, hətta rayonun ərazisindən çıxmaqlarını tələb ediblər.