
Proses noyabrın 30-da Quba məhkəməsində başlanmalı idi. Lakin hakim Füzuli Pənahov işdən imtina edib, çünki həmin hadisələr üzrə digər bir qrupun işinə baxır.
Sumqayıt Apellyasiya Məhkəməsi işi ərazi yurisdiksiyası üzrə qonşu Xaçmaz rayonuna göndərib.
Bugünkü iclasda vəkillər həbs qətimkan tədbirinin ev həbsi ilə əvəzlənməsi barədə vəsatətlə çıxış ediblər. Lakin prokuror Əhəd İbrahimov buna qarşı çıxıb.
V.Qonaqov deyib ki, “onu həbsdə saxlasınlar, o birilərini isə yaşlarını nəzərə alaraq azad etsinlər”. O həmçinin müttəhimlərin günahsız olduqlarını söyləyib.
“Rauf Həbibovun çıxışı yazılmış diski bələdiyyə rəhbərinə mən vermişəm. Məni həbsdə saxlayın, o birilərini azad edin”, – deyə V.Qonaqov vurğulayıb.
Hakim vəsatəti baxılmamış saxlayıb və işə baxılmasını dekabrın 19-na təyin edib.
Xatırladaq ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2011-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi və sonra sosial şəbəkələrdə yayılan çıxışında “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və bu səbəbdən 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib, aksiya iştirakçıları R. Həbibovun evini yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində icra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. 13 mart tarixində "Xəyal TV"-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev, habelə 20 nəfərə yaxın Quba sakini həbs edilib. Hazırda həbsdə olan ilk 8 nəfərin məhkəməsi Quba şəhər məhkəməsində davam edir.