Noyabrın 21-də Lənkəran şəhər Məhkəməsinin hökmü ilə “Xural” qəzetinin əməkdaşı, tanınmış jurnalist Aydın Canıyevi 3 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə prosesində prokuror 4 il iş tələb etsə də, hakim 3 il azadlıqdan məhrumetmə cəzası verib. Aydın Canıyev hökumətin ona verdiyi vəkildən imtina edib və özü özünü müdafiə edib.
Xatırladaq ki, Aydın Canıyev vətəndaş Zemfira Xəlilovanı təhqir etməkdə və Lənkəran rayonunun Səpnəkəpan kəndinin məscidində xuliqanlıq hərəkətləri törətməkdə ittiham edilərək sentyabrın 7-də 12 sutka müddətinə həbs olunub. Sonra onun haqqında i CM-in 221.2 maddəsi ilə (xuliqanlıq) cinayət işi açılıb və haqqında 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. O, bu il avqustun 6-da “Xural” qəzetində “Allahşükür Paşazadə Lənkəranda düşmənçilik toxumu səpir!” başlıqlı, habelə yerli dindarları tənqid edən digər məqalələr dərc etdirib. Onun məhz bu məqalələrinə görə təhrik edilərək sonra həbs edilməsi istisna deyil.