“XXI ƏSRDƏ İNTERNETİN DÖVLƏT TƏNZİMLƏNMƏSİNƏ EHTİYAC VARMI?” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Bu gün (03 may) Ümumdünya Söz Azadlığı Günü Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və Media Hüququ İnstitutu (MHİ) tərəfindən İnternet tənzimlənməsi  və ümumilikdə söz azadlığının durumu ilə bağlı dəyirmi masa keçirilib.

RATİ-nin sədri Emin Hüseynov tədbirin məqsədinin İnternet azadlığına olan təhlükələri müzakirə etmək olduğunu, tədbirin yekununda iştirakçılar adından bəyanat hazırlanacağını və sənədin hökumətə göndəriləcəyini bildirdi.
    MHİ-nin direktoru Rəşid Hacılı dünya praktikasında İnternetin tənzimlənməsinə rast gəlinmədiyini vurğuladı və yeni texnologiyaların inkişaf etdiyi bir dövrdə bu məsələnin qaldırılmasını köhnəlmiş yanaşma kimi qiymətləndirdi.
    İREX-Azərbaycan təşkilatının hüquqşünası Ələsgər Məmmədli İnternetin artıq mövcud olan “KİV haqqında Qanun”la tənzimləndiyini, yaranan bütün problemlərin bu qanun əsasında həllinin mümkün olduğunu vurğulayıb. Onun sözlərinə görə, “televiziya” anlayışının hüquqi baxımdan İnternetlə heç bir bağlılığı yoxdur.
    Respublikaçı Alternativ Vətəndaş birliyinin (RE:AL) həmtəsisçisi İlqar Məmmədov İnternetin tənzimlənməsinin təkcə azadlıqla bağlı məsələ olmadığını, bu addımın milli dövlətçilik ideyalarına mənfi təsir göstərəcəyini bildirdi. Onun sözlərinə görə, hər hansı bir sosial şəbəkə məhdudlaşdırılacaqsa, Qarabağ məsələsi ilə bağlı təbliğatda ermənilər boşluğu ələ alacaqlar, bizim gənclər bu cür şəbəkələrdə yazmaq və mövqe nümayiş etdirmək bacarığını itirəcəklər.  
    “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev çap mətbuatı və  televiziyaların inhisara alınmasından sonra növbənin İnternetə çatdığını bildirdi. Əliyev bir neçə il ərzində ənənəvi mətbuatın sıradan çıxarıldığını, lakin bunun nəticədə hakimiyyət üçün əks effekt verdiyini dedi. Onun sözlərinə görə, hakimiyyət artıq dərk edib ki, o bu məhdudlaşdırıcı tədbirləri həyata keçirməklə vətəndaşlar nəzarətdə saxlanılan KİV-dən uzaqlaşıblar.
    Tədbirdə çıxış edənlər İnternetin tənzimlənməsinin xoş niyyətli addım olmadığını, hakimiyyətin sosial şəbəkələrə qoşulanların sayının kəskin artmasından narahat olduğunu qeyd ediblər.
    *Dəyirmi masa iştirakçılarının adından bəyanat qəbul edilib.
 
“XXI əsrdə İnternetin dövlət tənzimlənməsinə ehtiyac varnı?” mövzusunda təşkil edilən Dəyirma Masa iştirakçılarının Ümumdünya Söz Azadlığı Günü münasibətilə Bəyanatı

    Bu gün Azərbaycanda söz azadlığının durumu ciddi narahatçılıq doğurur, “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru  Eynulla Fətullayev, bloggerlər Adnan Hacızadə və Emin Milli qurama ittihamlarla həbsdədirlər. 2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatilləri və qətlin sifarişçiləri hələ də cəzalandırılmayıb.
 Azadlıq Radiosu, BBC, Amerikanın Səsi radiostansiyalarının milli FM tezlikdə yayımı dayandırılıb, elektron media vasitələri hakimiyyətin birbaşa nəzarəti altında fəaliyyət göstərir, Azərbaycanda yeni televiziya və radioların açılması üçün zəruri şərait yaradılmır, bu təşəbbüslə çxış edən şəxslərin hüquqları təmin edilmir.
Aparılmış monitorinqlər göstərir ki, telekanallar siyasi plüralizm, obyektivlik, hər kəsin fikrini ifadə etmək hüququnun təmin edilməsi və milli, habelə beynəlxalq hüquqla nəzərdə tutulan prinsiplərə riayət etmirlər.
Yuxarıda göstərilən problemlərlə üzləşən Azərbaycan vətəndaşlarının bir çoxu ənənəvi televiziya və radio yayımçılarına inamını itirərək daha doğru və obyektiv informasiya məkanına üz tutublar. Bu məkan isə bir mənalı internet və internet vasitəsilə yayımlanan KİV-lərdir.  
Qeyd edilən problemləri həll etmək əvəzinə, bu yaxınlarda hakimiyyət nümayəndələri və hakimiyyətə yaxın olan qüvvələr İnternet televiziya və radioların, virtual sosial şəbəkələrin  tənzimlənməsi zərurətini qeyd ediblər.
Hesab edirik ki, İnternetin tənzimlənməsi təkcə azadlığa deyil, dövlətçiliyin potensial  innovativ inkişafına bir qəsddir.

Biz Azərbaycan hakimiyyətini çağırırıq ki:

–    həbsdə olan jurnalistlər – Eynulla Fətullayev, Emin Milli və Adnan Hacızadəni dərhal azad etsin;
–    “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətlinin sifarişçilərini və icraçılarını taparaq cəzalandırsın;
–     xarici radiosatansiyaların FM tüzlikdə fəaliyyəti bərpa etsin;
–    yeni televiziya və radioların açılması üçün müraciətləri müsbət həll etsin;
–    mövcud telekanalların və radioların müstəqil şəkildə fəaliyyət göstərməsini təmin etsin;
–    İnternetin lisenziyalaşdırılması və virtual sosial şəbəkələrin dövlət tərəfindən tənzimlənməsi məsələsini gündəmdən çıxarsın;
–    yeni İnternet TV və radio yaratmaq təşəbbüslərinə maneələr törətməsin.

         Bəyanatı aşağıdakı şəxslər imzalayıblar:

Novella Cəfəroğlu, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri
Səadət Bənənyarlı, Beynəlxalq İnsan Haqları Cəmiyyəti Milli Komitəsinin sədri
Səidə Qocamanlı, İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri
İlqar Məmmədov, RE:AL Vətəndaş Birliyinin həmtəsisçisi
Natiq Cəfərli, RE:AL Vətəndaş Birliyinin həmtəsisçisi
Rövşən Hacıbəyli, Demokratik Jurnalistika Məktəbi
Şahvələd Çobanoğlu, tanınmış jurnalist
Mehman Əliyev, “Turan” İnformasiya Agentliyinin direktoru
Sənubər Heydərli, 10 dekabr Gənclər Təşkilatının həmtəsisçisi
Nahid Ismayıl, 10 dekabr Gənclər Təşkilatının həmtəsisçisi
Vəfa Cəfərova, AN Şəbəkəsinin nümayəndəsi
Rəşid Hacılı, Media Hüququ İnstitutunun direktoru
Xalid Ağaıliyev, Media Hüququ İnstitutunun proqram koordinatoru
Emin Fətullayev, “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin atası
Azər Ayxan, “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini
Ələsgər Məmmədli, İREX-Azərbaycan
İdrak Abbasov, RATİ
Emin Hüseynov, RATİ
Rəsul Cəfərov, Televiziya və Alternativ Media İnkişaf Mərkəzinin sədri
Previous Post

AZƏR AYXANIN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİ YARANDI

Next Post

ÜMUMDÜNYA SÖZ AZADLIĞI GÜNÜNDƏ ELMAR HÜSEYNOVUN QƏBRİ ZİYARƏT EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.