YAZDIĞI YAZISINA GÖRƏ JURNALİST POLİS BÖLMƏSİNDƏ İFADƏ VERİB

Fəaliyyətini dayandırmış “Gündəlik Azərbaycan” qəzetinin əməkdaşı Yafəz Əkrəmoğlu (Həsənov) “Gündəm xəbər” qəzetinin 30 avqust 2010 – cu il  tarixli sayı üçün yazdığı yazıya görə, sentyabrın 11-də Bakı şəhər Xəzər rayonu Polis İdarəsinin 1-ci Polis Bölməsinə dəvət olunub.

  “Yazımda Daşqın adlı daş karxanası sahibinin özbaşınalığından söz açmışdım. Həmin şəxs özünü müğənni, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın bacısı oğlu kimi təqdim edir və  digər sahibkarların daş karxanalarını zəbt edir. Mən yazını əldə etdiyim məlumatlar əsasında yazmışam”, – deyə Yafəz Əkrəmoğlu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu yazıdan sonra 1-ci Polis Bölməsinin Asəf adlı əməkdaşı ona  zəng edib. “Məni telefonla polisə dəvət etsə də getməkdən imtina elədim. Tələb etdim ki, mənə rəsmi çağırış vərəqəsi göndərsinlər. O da məni hədələdi ki, əgər xoşluqla gəlməsən, səni zorla polisə  gətirərik”.

Belə ki, sentyabrın 11-də  Yafəz Əkrəmoğlu Media Hüququ İnstitutunun vəkili Fariz Namazlı ilə Polis Bölməsində olub. “Məndən yazını kimlərdən məlumat alaraq yazmağım barədə izahat aldılar. Mən bunu özümə qarşı təzyiq kimi dəyərləndirirəm”.

 
Vəkil Fariz Namazlının verdiyi məlumata görə, jurnalist yazının sonundakı qeydinə görə polisə dəvət edilib və bu məsələdə onu həbs təhlükəsi gözləmir. “Yafəz Əkrəmoğlu yazısının sonunda polis və prokurorluğun qeyd etdiyi şəxsin qanunsuz əməllərinə göz yumasını qeyd  edib. Polis də bu məsələyə görə, onu dəvət edib”, – deyə Fariz Namazlı qeyd etdi.

Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

MƏHKƏMƏ “ÖLKƏ” QƏZETİNİ CƏRİMƏLƏDİ

Next Post

HƏBSDƏKİ BLOQÇU XƏSTƏLƏNİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.