“YENİ MÜSAVAT” QƏZETİNİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI İCRAATA GÖTÜRÜLDÜ

Bu gün (19 iyul) Nərimanov rayon məhkəməsində hakim Sevinc Alıyevanın sədrliyi ilə “Yeni Müsavat” qəzeti redaksiyasının və qəzetin baş redaktoru Rauf Arifoğlunun “Xural” qəzetinin redaksiyasına qarşı mülki iddiası üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında iddiaçı tərəfdən nümayəndələr – Vaqif Hüseyn və Məzahir İsrafilov, cavabdeh tərəfdən isə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı iştirak edirdilər.

 

    Əvəz Zeynallı bildirdi ki, iddiaya səbəb olan məqalə dərc olunan zaman – 2009-cu ilin dekabr ayında “Yeni Müsavat” qəzetinin rekvizitində Rauf Arifoğlunun adı baş redaktor kimi göstərilmədiyi üçün, onun baş redaktor kimi iddia qaldırması doğru deyil. O, bu səbəbdən iddianın icraata götürülmədən rədd edilməsini istədi.

 

     “Həmin vaxt Rauf Arifoğlu baş redaktor olub. Sadəcə vəzifə səlahiyyətlərini Azər Ayxana tapşırdığı üçün rekvizitdə baş redaktorun müavinin adı gedib” – deyən iddiaçının nümayəndəsi Vaqif Hüseyn bu etirazı əsassız hesab etdiyini dedi.

 

    Hakim Sevinc Alıyeva mahiyyəti üzrə baxışda bu məsələnin mübahisələndiriləcəyini deyərək, prosesi 10 avqust saat 12.30-a təyin etdi.

 

    Xatırladaq ki, iddiaya “Xural” qəzetinin 6-12 dekabr 2009-cu il tarixli 045 (357) saylı buraxılışında çap olunmuş “Mehrac Babayevi kimlər vurur?” başlıqlı məqalə səbəb olub. Sözügedən məqalədə barəsində həqiqətə uyğun olmayan məlumatların yer aldığını hesab edən Rauf Arifoğlu, qəzetin təkzib verərək üzr istəməsi və “Xural” qəzetindən 25.000 (iyirmi beş min manat) tutularaq, “Yeni Müsavat” qəzetinin hesabına köçürülməsi barədə iddia qaldırıb.

 

     Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 1992-ci ildən fəaliyyət göstərir və gündəlik çap olunur. “Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.

 

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN BAŞ REDAKTORU “MİLLƏTİM” QƏZETİNİN BAŞ MƏSLƏHƏTÇİSİNİ XÜSUSİ İTTİHAM QAYDAS

Next Post

ELMAR HÜSEYNOV AD GÜNÜNDƏ HƏMKARLARI TƏRƏFİNDƏN ANILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.