ZÜLFÜQAR XEYİRBƏRLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ İYULUN 13-DƏ DAVAM ETDİRİLƏCƏK

iyul 12th, 2010

İyulun 9-da Səbail rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə jurnalist Zülfüqar Xeyirxəbərə fiziki xəsarətlər yetirmiş Əziz Əhmədova qarşı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi üzrə məhkəmə prosesi  keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Z.Xeyirxəbərin nümayəndəsi, Media Hüququ İnstitutunun hüquqşünası Fariz Namazlı məlumat verib.

 

F. Namazlı prosesdə zərərçəkən Zülfüqar Xeyirxəbərin ifadə verdiyini bildirib və əlavə edib ki,  “Karvan” çay evinin inzibatçısı Zaur Qafarov və hadisə yerində olaraq jurnalistə zor tətbiq etmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşının da təqsirləndirilən şəxs qismində cəlb olunması və Cinayət Məcəlləsinin 163-cü (jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma), həmçinin FHN-in əməkdaşının Cinayət Məcəlləsinin 309.2 (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddələri ilə məsuliyyətə cəlb olunması barədə əvvəlki prosesdə qaldırdığı vəsatət də müzakirə edilib.

 

Fariz Namazlı həmçinin qeyd edib ki, növbəti prosesdə vəsatətlə bağlı qərar veriləcək və eyni zamanda zərərçəkən tərəfin şahidləri dindiriləcək.

    Növbəti proses 13 iyul saat 10:00-a təyin edilib.

 

Xatırladaq ki, 18 fevral 2010-cu il tarixində, həmin vaxt “SalamNews” agentliyində müxbir işləyən Zülfüqar Xeyirxəbər “Karvan” çay evində baş vermiş partlayışla bağlı məlumat hazırlamaq istəyərkən fiziki təzyiqə məruz qalıb. Özünü kafenin sahibi kimi təqdim edən Zaur Qafarov onu təhqir edib və peşə fəaliyyətini yerinə yetirməyə mane olub.  Daha sonra isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı onu itələyə-itələyə ərazidən kənarlaşdırmaq istəyib. Bu zaman orada olan Əziz adlı şəxs ona zərbə endirib.