BƏXTİYAR HACIYEV BARƏSİNDƏ HÖKM SABAHA QALDI

Bu gün (10 may) Gəncə şəhər Nizami rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə orduda xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə təyin olunan məhkəmə prosesi keçirildi. Bu barədə Reportyorların Azadlıq  və Təhlükəsizlik İnstitutuna (RATİ) Bəxtiyar Hacıyevin  vəkili   Elçin Namazov  məlumat verib.

Vəkilin sözlərinə görə, prosesdə ilkin olaraq, müdafiə tərəfi 2 vəsatətlə: gənc fəal Bəxtiyar Hacıyevin çıxışının videoyazıya alınması və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə çıxış etsələr də, hakim yerindəcə müşavirə edərək, vəsatətlərin təmin edilmədiyini bildirib.

“Müdafiə tərəfinin vəkilləri məhkəmə instansiyasına Bəxtiyar Hacıyev barəsində seçiləcək həbs-qətimkan tədbirinin hərbi qulluq kimi hesablanması üçün müraciət edib: “Çox güman ki, hakim 1 il 6 ay iş kəsəcək və bu da hərbi xidmətə bərabər müddətdir”,-deyə vəkil  əlavə edib.

Vəkil Elçin Namazov onu da qeyd etdi ki, vəsatətlərin hakim tərəfindən təmin edilmədiyini görəndən sonra müdafiə tərəfi çıxış edərək, məhkəmənin ədalətli və qərəzsiz qərar çıxaracağına olan ümidlərinin itdiyini, bununla da məhkəmə prosesində iştirakdan imtina etdiklərini hakimə bildirərək, zalı tərk ediblər. Gənc fəal Bəxtiyar  Hacıyevin özü də prosesdə çıxış etməkdən imtina edib.

Prosesdə iştirak edən Hacıyevin qardaşı Vüqar Hacıyevin “Turan” İnformasiya Agentliyinə verdiyi məlumata görə prosesdə çıxış edən dövlət ittihamçısı Aleksey Abbasov məhkəmədən  Bəxtiyar Hacıyevə  orduda xidmətdən yayınmaqda ittiham edərək  2 il həbs cəzası  verilməsini istəyib.

Hakim Emin Axundov müşavirəyə gedib və daha sonra müdafiə tərəfinə hökmün 11 may  saat 11:00-da oxunacağını bildirib.

Xatırladaq ki, Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.

Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.  Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.  

Previous Post

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsİ Dunya Miyatoviç JURNALİSTLƏR VƏ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.