“İlhamla İrəli” aksiyası ilə bağlı statistik məlumatlar yayan və aksiyaya qoşulan insanların sayının şişirildiyini göstərən qrafikin əks olunduğu gallup.azeriblog.com bloqunun fəaliyyəti dayandırılıb.
Bu məlumatın əks olunduğu elektron məktubu RATİ-yə bloqun yaradıcısı olan Bəxtiyar Hacyev göndərib.
Məktuba görə, "İrəli" Ümumrespublika Gənclər Hərəkatının təşəbbüsü ilə başlanan "İlhamla irəli" aksiyasının təşkilatçıları 2008-ci ilin iyul ayının 16-da aksiyanın gedişi barədə rəsmi internet saytlarında (ilhamlairəli.az) məlumat yerləşdiriblər. Bu məlumatda təşəbbüsə qoşulanların sayının 10 min nəfərə çatdığı bildirilib.
“Aksiyaya qoşulan rayonların göstəriciləri ilə bağlı gallup.azeriblog.com ünvanında yerləşdirilən materialda “İrəli”nin saytından götürülmüş göstəricilər əsasında bir qrafik hazırlanmışdı. Qrafikdə aksiyada iştirak edən rayonlardan 76 rayonda 100-dən az şəxsin, bu rayonlardan 44-də 50 nəfərdən az şəxsin, bunlardan 8-də isə 10 nəfərdən də az şəxsin təşəbbüsə dəstək verdiyi göstərilmişdi. Qrafikdə 3 milyondan çox vətəndaşın yaşadığı Bakı şəhəri ilə əhalisinin sayı on dəfələrlə az olan Naxçıvandan, Lənkərandan təxminən eyni sayda şəxsin qoşulmasının qeyri-təbii olduğu görünürdü. Qrafikdə bundan başqa Azərbaycan rayonlarının əksəriyyətində ölkə Prezidentinə ictimai dəstək nümayiş etdirmək məqsədi ilə 8 aydır davam edən “İlhamla İrəli” aksiyasına 50-100 arasında şəxsin qoşulduğu görünür. Gəncə, Lənkəran, Yevlax, Naxçıvan və digər rayonlarda aksiyaya qoşulanların böyük əksəriyyətinin eyni sahədə çalışan şəxslərin, eyni fonda çəkilmiş fotoları yerləşdirilmişdi. Sonda isə Ağdaş, Yevlax və Göyçay rayonlarından aksiyaya qoşulanların əksəriyyətinin 18 yaşlı şəxslər olması göstərilmişdi. Bütün bu materiallar 18 iyul tarixində bu gallup.azeriblog.com ünvanında yerləşdirilmişdi. Çox qəribədir ki, materiallar yayımlandıqdan 2 gün sonra bloqun ünvanında “Bu bloqun fəaliyyəti AzeriBlog İdarə Heyəti tərəfindən qaydalara zidd fəaliyyətinə görə dayandırılıb” sözləri yazılıb”, – deyə qeyd edən Bəxtiyar Hacyev bloqun fəaliyyətinin hansı qayda pozuntusuna görə dayandırıldığının anlaya bilmədiyini qeyd edir:
“Çox ümid edirəm ki, qarşıdan gələn prezident seçkiləri ərəfəsində Azərbaycanda nisbətən azad qalmış internet mühitinə nəzarət və senzura gücləndirilməyəcək”.
Xatırladaq ki,fəaliyyəti dayandırılan gallup.azeriblog.com bloqunun materialları http://azgallup.wordpress.com/ ünvanında yerləşdirilib.
Xatırladaq ki,fəaliyyəti dayandırılan gallup.azeriblog.com bloqunun materialları http://azgallup.wordpress.com/ ünvanında yerləşdirilib.