BLOQÇULAR GÜNAHSIZ HƏBS OLUNDUQLARI İLƏ BAĞLI MƏHKƏMƏDƏ İFADƏ VERDİLƏR

Bu gün (09 oktyabr) Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynovun sədrliyi ilə gənc bloqçular – Adnan Hacızadəyə və Emin Abdullayevə (Milli) qarşı Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işinə əsasən proses keçirilib.

Prosesdə bloqçuların vəkilləri vəsatət qaldıraraq, işə daxil edilən ekspert rəyinin saxta olduğunu deyərək, bu rəyin nə hüquqi, nə də tibbi sənədlərə əsaslanmadığını vurğulayaraq sübutlar siyahısından çıxarılmasını istədilər. Hakim A. Hüseynov vəsatəti baxılmamış saxladı və növbəti proseslər zamanı baxılacağını dedi
 Daha sonra gənc bloqçular sərbəst ifadə verdilər. Adnan Hacızadə bildirdi ki, hadisə baş verən gün restoranda Vüsal Məmmədov tərəfindən döyülüblər və Babək Hüseynov tərəfindən təhqirə məruz qalıblar. “İdmançı görkəmində olan Vüsal Məmmədov güclü və dəqiq zərbələr endirib və bu proses ani vəziyyətdə baş verib. Vüsal Məmmədov Emin Millidən sonra mənə də kəllə zərbəsi endirməsi nəticəsində yerə yıxıldım və o, təpik zərbələri ilə mənə zədələr yetirməyə davam etdi. Birdən zərbələrin dayandığını hiss etdim və ayağa qalxanda gördüm ki, bir nəfər – sonradan onun restoranın aşpazı olduğunu bildim – Vüsalın qarşısını kəsib. Bu zaman mən Emin Millini yerdən qaldıraraq onunla bayıra qaçdıq. Bayırda mən Emin Millinin ayağından qan gəldiyinin və ayaqqabısız olduğunu gördüm. Biz Babək Hüseynov və Vüsal Məmmədovun bizim arxamızca çıxdığını düşünərək, kortəbii şəkildə Fəvvarələr Meydanına tərəf qaçmağa başladıq. Fəvvarələr Meydanında arxamızdan  heç kimin gəlmədiyinə əmin olduqdan sonra polisə şikayət etmək üçün, ən yaxın polis bölməsi olan 39-cu polis bölməsinə getdik” – deyən A.Hacızadə həm özünün, həm də sonradan onların yanına gələn dostunun mobil telefonu ilə 39-cu polis bölməsində çəkilən şəkillərini proses iştirakçılarına nümayiş etdirdi. Şəkillərdə “39-cu polis bölməsi” yazılmış lövhənin əks olunduğunu xüsusi vurğulayan Adnan Hacızadə bu şəkillərin məhkəmədə ifadə verən polislərin, həmçinin Vüsal Məmmədov və Babək Hüseynovun yalan danışmasına sübut olduğunu xüsusi qeyd etdi. Qeyd edək ki, polislər ifadələrində bloqçuların restorandan birbaşa 9-cu polis bölməsinə aparıldığını bildirmişdilər.  
Adnan Hacızadə həbs olunmalarına səbəb kimi aktiv ictimai fəaliyyətlə və internetdə neqativ hallara qarşı videomateriallar yerləşdirmələrinin səbəb olduğunu bildirdi. Hacızadə ittiham aktının qərəzli olduğunu, onun barəsində həm yerli, həm də xarici təhsil ocaqlarından alınmış 8 xasiyyətnamənin işə əlavə olunmadığını, biri xaricdə alınmaqla 2 ali təhsilinin olduğunu və yaratdığı gənclər təşkilatı vasitəsilə bir neçə il ərzində qeyri-zorakılığı təbliğ etdiyini bildirdi. Adnan vurğuladı ki, restoranda döyülən zaman burnundan aldığı zədələr nəticəsində hələ də nəfəs almaqda çətinlik çəkir. “Həbsdə olduğum müddətdə məni yoxlayan həkim bildirdi ki, normal nəfəs almağım üçün mütləq əməliyyat olunmalıyam.”
E. Milli çıxışında istintaqa verdiyi ifadələri təsdiqlədiyini bildirdi və Adnan Hacızadənin ifadəsi ilə razılaşdığını vurğuladı. “Mən təhsil aldığım Almaniyada qeyd edilən Berlin divarlarının sökülməsi ilə bağlı hamını təbrik  edirəm. Əminəm ki, Azərbaycanda da olan bu cür divarlar və yalanlar tezliklə söküləcək” – deyə E.Milli bildirib.
Daha sonra bloqçuların vəkilləri zərərçəkmiş şəxs kimi tanınan V.Məmmədov və B.Hüseynovun növbəti dəfə  məhkəmədə iştirak etmədiklərini hakimin diqqətinə çatdıraraq, onların gələn prosesdə iştirak etmələrinin təmin edilməsini xahiş etdi.
Hakim növbəti prosesi 13 oktyabr saat 15:00-a təyin etdi.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,329/lang,az/

Previous Post

POLİSİN QANUNSUZ HƏRƏKƏTLƏRİ İLƏ BAĞLI MƏHKƏMƏDƏ İDDİA QALDIRILACAQ

Next Post

Emin Milli və Adnan Hacızadənin mehkeme prosesi 09.10.2009

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.