ALMANİYA BUNDESTAQININ DEPUTATINA GƏNCLƏRLƏ GÖRÜŞƏ İCAZƏ VERİLMƏDİ

Almaniya Bundestaqının deputatı Yorq Tauss həbs olunmuş gənc bloqçular –  Emin Milli (Abdullayev) və Adnan Hacızadə ilə görüşə bilməyib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) koordinatoru Erkin Qədirli məlumat verib.

E.Qədirli Almaniyalı deputatın görüş üçün  dəfələrlə ölkə başçısı İlham Əliyevə müraciət etdiyini, lakin görüşə icazə verilmədiyini bildirdi. GHMK koordinatoru qeyd etdi ki, vəkil İsaxan Aşurov dünən (1 sentyabr) Bakı İstintaq Təcridxanasında Adnan Hacızadəyə baş çəkib və gənc fəal saxlanma şəraitindən və səhhətindən şikayət etməyib.
Ombudsman Elmira Süleymanovanın gənclərlə görüşdən sonra, onların barışmaq tərəfdarı olmaları ilə bağlı açıqlamasına münasibət bildirən E.Qədirli, gənc bloqçuların belə bir təklif etmələrinə inanmadığını vurğuladı.
Vəkil Elton Quliyev  də  sentyabrın 1-də  gənc bloqçu Emin Milli ilə görüşüb. O, “Azadlıq” radiosuna bildirib ki, gənclər ombudsman Elmira Süleymanovaya barışıq təklifi etməyiblər və onların fikirləri təhrif olunub: “Elmira Süleymanova gənclərdən soruşub ki, barış istəyirlərmi? Emingil isə deyiblər ki, onların həbsi ictimai fəaliyyətləri ilə bağlıdır və gənc fəallar cəmiyyətdə barış tərəfdarıdırlar. Emingil deyib ki, əgər qarşı tərəf barış təklif eləyirsə, bu, şərtsiz olmalıdır və onların qarşısında öz əqidələrindən, yollarından dönmək tələbi qoyulmamalıdır”.
“Azadlıq” radiosunun digər bir məlumatında isə bildirilir ki, Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi gənc fəallar Emin Milli və Adnan Hacızadə ilə bağlı bəyanat yayıb. Sənəd müəllifləri gənclərin məhkəməsi ərəfəsində öz narahatlıqlarını ölkə rəhbərliyinə çatdırırlar və onları həbsdən azad etməyə çağırıblar.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.

Previous Post

SMDTM-İN ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİASI TƏMİN OLUNMADI

Next Post

“AZADLIĞIN VƏ SÜLHÜN MÜDAFİƏSİ” BEYNƏLXALQ HÜQUQ TƏŞKİLATI NAZİRLƏR KABİNETİNİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.