“XURAL” QƏZETİNİN ƏMLAKI İLƏ BAĞLI KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

 İyulun 12-də Ali Məhkəmədə hakim Rəşadət Ağayevin sədrliyi ilə “Xural” qəzetinin əmlakının müsadirə olunması ilə bağlı iş üzrə verilmiş kassasiya şikayətinə baxılıb. Məhkəmə iclasında “Xural” qəzetini təmsil edən vəkil Elçin Sadıqov iştirak etməsə də, məhkəmə işə baxıb.

Hakim Ağayev çox qısa sürən müşavirədən sonra kassasiya şikayətinin təmin edilməməsi barədə qərarını elan edib.
Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb.
Qəzetin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.
Previous Post

İSLAM PARTİYASI SƏDRİNİN HƏBSDƏ OLAN MÜAVİNİ VƏFAT ETDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.