BAŞ REDAKTORLAR PROBLEMLƏRİN YARANACAĞINI BİLDİRİRLƏR

Dünən RATİ  "Çap evi" mətbəəsinin bu həftədən bazar günü işləməyəcəyi haqqında məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Azərbaycanda fəaliyyət göstərən əksər mətbəələr bazar günləri işləmədiyindən bu mətbəədə çap edilən və bazar ertəsi günü satışa çıxarılan bir sıra qəzetlər müəyyən problemlə üzləşəcək.

RATİ bununla əlaqədar bazar günləri bu mətbəədə çap olunan qəzetlərin baş redaktorları ilə əlaqə saxlayıb.
     “Yeni Müsavat“ qəzetinin baş redaktoru Rauf Arifoğlu problemlərin yaranacağını bildirdi və əlavə etdi ki, “əgər “Çap evi“ mətbəəsi həqiqətən də hansısa bir siyasi təzyiqlərə görə deyil, texniki məsələlərə görə iş gününü azaldırsa, biz çalışacağıq ki, bu məsələni həll edək. Əks təqdirdə biz məcbur olub qəzetimizi həftədə altı gün çap etmək məcburiyyətində qalacağıq və qəzetimizin bütün əməkdaşları ilə birlikdə Prezident Aparatının qarşısında mitinq keçirəcəyik. Çünki başqa mətbəələr bizim qəzeti çap etməyəcək“.  
     “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bizimlə söhbətində bildirdi ki, “qəzetimiz həftənin beş günü “Azərbaycan“ nəşriyyatında çap olunur. Bazar günündən bazar ertəsinə keçən gün isə “Çap evi“ mətbəəsində nəşr olunurdu. Və neçə illərdir ki, qəzetimizin qrafiki bu formada davam edir.  Təbiidir ki, “Çap evi“ mətbəəsinin iş gününü azaltması çətinlik törədəcək. Biz indi alternativ variant axtarırıq. Əgər özəl mətbəələrdən birində qəzetimizi çap edə bilməsək, məcburuq iş qrafikimizdə dəyişiklik edək.  Belə ki, qəzet bazar günündən bazar ertəsi gününə keçən gecə deyil, şənbədən bazara keçən gecə“Azərbaycan“ nəşriyyatında  nəşr olunacaq.
     “24 Saat“ qəzetinin baş redaktoru Fikrət Fərəməzoğlu da müəyyən mənada problemlərin yaranacağını vurğulayıb. O qeyd edib ki, “əgər digər mətbəələr razılaşmasa onda qəzet bazar günündən bazar ertəsi gününə keçən gecə deyil, cümə günündən şənbə gününə keçən gecə çap ediləcək“.
     “Bakı Zaman“ qəzetinin baş redaktoru Elnur Məhərrəmli vurğuladı ki, “biz hələ fikirləşirik. İki variant arasında qalmışıq. Ya hansısa mətbəə ilə razılaşacağıq. Ya da qəzetimiz bazar ertəsi gününə keçən gecə deyil, cümə günündən şənbə gününə keçən gecə çap ediləcək“.

Previous Post

HƏMMƏRUZƏÇİLƏR ZAHİDOVLA GÖRÜŞƏ BİLMƏYİB

Next Post

JURNALİSTLƏR KASSASİYA ŞİKAYƏTİ VERİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.