Bu gün (20 oktyabr) Xəzər rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlovun və “Milli Yol” qəzetinin müxbiri Anar Əliyevin Xəzər rayon Polis İdarəsinə qarşı cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 avqust 2010-cu il tarixli qərarından verdikləri şikayət üzrə məhkəmə hazırlıq iclası keçirildi.
Məhkəmə qapalı keçirildiyindən media nümayəndələri zala buraxılmadı.
Prosesdən sonra sonra iddiaçılardan Elmin Bədəlovun vəkili Fariz Namazlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirdi ki, cinayət işinin düzgün araşdırılmaması, eləcə də ekspert rəylərinin jurnalistlərə təqdim edilmədiyini hakimə bildiriblər. Hakim C. Qədimov da öz növbəsində iş materialları ilə tanış olmaq üçün prosesi 21 oktyabr saat 14:45-ə təyin edib.
Xatırladaq ki, 28 iyul 2010-cu il tarixində Mərdəkanda varlılar məhəlləsindən reportaj hazırlayarkən jurnalistlər E.Bədəlov və A.Gəraylı fiziki təzyiqə məruz qalıblar, “Yeni Müsavat” qəzetinin redaksiyasına məxsus fotoaparat zədələnib. Zərərçəkmişlər bildiriblər ki, nəqliyyat naziri Ziya Məmmədovun olduğu bilinən imarətin şəklini çəkən zaman mühafizəçilər tərəfindən döyülüblər. 3 saata yaxın saxladıqdan sonra fotoaparatın yaddaşında olan şəkilləri silməklə yanaşı, kartı da sındıraraq, jurnalistləri sərbəst buraxıblar. Şikayətçilər baş vermiş hadisə ilə bağlı Xəzər rayon 1-ci polis bölməsinə şikayət ediblər. Daha sonra 02 avqust 2010-cu il tarixində jurnalistlərin fiziki təzyiqə məruz qalması ilə bağlı şikayət araşdırılma məqsədilə Xəzər rayon 1-ci polis bölməsindən alınaraq Xəzər rayon Polis İdarəsinin təhqiqat şöbəsinə verilib. Hər iki şikayətçi baş vermiş cinayət işinin düzgün araşdırılmadığını hesab edərək, Xəzər rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 17 avqust 2010-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qanunsuz olduğu üçün ləğv edilməsi və 28 iyul 2010-cu ildə döyülmə faktı ilə bağlı şikayətin ətraflı araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiası ilə məhkəməyə müraciət ediblər.
Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 1989-cu ildən fəaliyyət göstərir və gündəlik çap olunur.