RATİ-NİN NAXÇIVANDAKI MÜXBİRİNİN AİLƏ ÜZVLƏRİNƏ ALDIĞI GEYİM ƏŞYALARI GÖMRÜKDƏ MÜSADİRƏ EDİLİB

RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasov oktyabrın 14-də Türkiyədən gələrkən  özünə və ailə üzvlərinə şəxsi istifadə üçün aldığı 300 manat məbləğində geyim əşyaları Naxçıvan Beynəlxalq Hava Limanının Gömrük İdarəsinin əməkdaşları tərəfindən müsadirə edilib.

Bu haqda RATİ-yə jurnalist E. Abbasovun özü məlumat verib.

“Mənimlə bərabər yaxın qohumumda İstanbuldan gəlirdi. Gömrükçülər 150-yə yaxın sərnişindən yalnız məni və mənimlə gələn qohumumu saxladılar və məndən gömrük bəyannaməsi yazmağı tələb etdilər. Mənim əlimdə kiçik bir çanta var idi. Hansı səbəbdən yalnız mənim bəyannamə doldurmalı olduğumu soruşdum. Onlar mənə lazım olduğunu və qanunun tələb etdiyini bildirdilər. Məni 3 saata yaxın gömrükdə saxladılar. Sonra mənim çantam açıldı, içindəkilər sayıldı və bəyannamə dolduruldu. Ailə üzvlərim və özüm  üçün aldığım geyim  malları gömrükçülər tərəfindən kommersiya məqsədli  bəyan edildi və  buna görə saxlanıldığı bildirildi”.

Jurnalist deyib ki, Türkiyədən gələn sərnişinlərin gətirdiyi mallar tərəziyə qoyulur, heç bir sənədləşmə aparılmadan  kiloqramına görə 50 qəpik pul alınır və sənədləşmə aparılmırdı. E.Abbasovun sözlərinə görə, onun şəxsi istifadə üçün aldığı  7-8 növdə 300 manat dəyərində geyiş əşyası cəmi 9-10 kiloqram çəkidə olub. Hətta malların içərisində geyindiyi nimdaş geyimlər də olub. Onun nimdaş  geyimləri bir gün sonra özünə qaytarılsa, təzə geyim əşyaları hələ də saxlanılır.

“Mən onlara gömrük haqda qanunu xatırlatdım. Bildirdim ki, qanunvericilikdə fiziki şəxslərin 100 ABŞ dolları və 50 kiloqram çəkidə mal gətirməsinə heç bir rüsum tələb edilmir. Onlar bununla razılaşsalar və mənim çantamda olan malın kommersiya məqsədi daşıdığını bildirdilər.”

Jurnalist əlavə olaraq deyib ki, bu ona qarşı təxribat idi. Səhər saat 4 radələrində Naxçıvan MR Gömrük Komitəsinin bütün şöbələrinin əməkdaşları orada olub. Onlar yalnız jurnalistin gətirdiyi mallarla maraqlanıblar. Əvvəlcə sənədləşmə üçün malların fakturası tələb olunub. Faktura təqdim edildikdən sonra isə müqavilə və invois tələb edilib.

“Onların məntiqi ilə mən aldığım hər mala görə dükanlarla müqavilə bağlamalı idim. Bu qanunsuz bir şeydir. Onların dediyinə görə. Əgər sən özün üçün iki köynək almısansa bu  1 ədəddən çoxdur və kommersiya məqsədi daşıyır. Mən onlara bunun qanunsuz olduğunu, tacir olmadığımı, malların şəxsi istifadə üçün aldığımı izah etsəm də əhəmiyyəti olmadı. Hiss etdim ki onlara xüsusi tapşırıq verilib. Mənə iki ay müddətində invois və müqavilə təqdim etdikdən, nəzərdə tutulan rüsumu ödədikdən  sonra malları ala biləcəyimi dedilər. Bu o deməkdir ki mallar verilməyəcək”, – deyə  E.Abbasov deyib.

Jurnalist  bildirib ki, aidiyyatı qurumlara şikayət edəcək , Azərbaycan Respublikasının prezidentinə şəxsən müraciət edəcək və MR Gömrük Komitəsini məhkəməyə verəcək və ona qarşı olan  haqsızlığa görə də təzminat istəyəcək.

 

Previous Post

ACLIQ AKSİYASINA QOŞULANLARIN SAYI ARTIB

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.