“Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin işi üzrə materialların surəti vəkillərinə verilib.
Bu haqda RATİ-yə məlumat verən baş redaktorun vəkili Elçin Sadıqov bildirib ki, Sevgiladə Quliyevanın verdiyi ifadələr bir birindən xeyli fərqlənir. Belə ki, S.Quliyeva birinci ifadəsində qeyd edib ki, Q.Zahid mənə tanış olmaq təklifi edib. Sonrakı ifadəsində isə birincidən tamamilə fərqli olaraq, Q.Zahidin onu söydüyünü bildirib. Vəkil E.Sadıqov onu bildirib ki, iş materialları Q.Zahidin müdafiəsi və eyni zamanda şahidlərin dindirilməsində, xüsusilə Vüsal Həsənovu hadisədən sonra aparan sürücü Babayar Məmmədovun dindirilməsinə kömək olacaq.