BƏXTİYAR HACIYEVİN İŞGƏNCƏYƏ MƏRUZ QALMAĞI İLƏ BAĞLI ŞİKAYƏTİ ÜZRƏ PROSES BAŞLANIR

iyul 15th, 2011
Bu gün (14 iyul) Səbail rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin istintaq zamanı zorakılığa məruz qalmağı barədə Respublika Prokurorluğuna qarşı iddiası üzrə məhkəmə hazırlıq iclası keçirilməli idi.

 Baş tutmayan iclasdan sonra gənc fəalın vəkili Elçin Namazov Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna (RATİ)  bildirdi ki, növbəti prosesdə B. Hacıyevin iştirakının təmin olunması barədə məhkəmədə şifahi  qaydada vəsatət qaldırıb. Amma hakim ona bildirib ki,  qanun imkan  vermir ki, prosesdə onun iştirakını təmin etsin.

 “Mən Bəxtiyar Hacıyevın Bakı İstintaq Təcridxanasına köçürülməsi haqqında  qərar yazmalıyam. Amma bu qərarı yazmaq səlahiyyəti məndə deyil”, – deyə hakim bildirib.

Vəkil onu da qeyd etdi ki, hazırlıq iclası cavabdehin  prosesə qatılmadığına  görə,  iyulun 15-ə saat 15:00-a qədər təxirə salınıb.

Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb. Fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.
Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.   18 mart  2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi  gənc fəal Bəxtiyar Hacıyevin  Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək  2 il müddətinə azadlıqdan məhrum olunması  barədə hökm çıxarıb.

Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.