GÜLƏR ƏHMƏDOVANIN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNƏ MƏCBURİ GƏTİRİLMƏSİNƏ DAİR QƏRAR QƏBUL OLUNMAYIB

sentyabr 26th, 2012
Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində  “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi  ilə bağlı növbəti proses keçirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi iləkeçirilən prosesdə Nərimanov rayon məhkəmə qərarları icra şöbəsindən sonuncu şahid Fuad Nəbiyev ifadə verib. Əvəz Zeynallı ilə bağlı heç bir işin onun icraatında olmadığını deyən Nəbiyev həmin işlərlə 2010-cu ilin dekabrında 12 gün şöbə rəisini müvəqqəti əvəz edərkən tanış olduğunu bildirib. Şahid ona verilən bütün suallara “xatırlamıram” deyə cavab verib.

Növbəti şahidlər prosesə gəlmədiyindən hakim deputat Gülər Əhmədova istisna olmaqla bütün şahidlərin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar qəbul edib.
Prosesin yekununda Əvəz Zeynallının həbsinin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətinə baxılıb. Müşavirədən sonra hakim vəsatətin təmin edilmədiyini bildirib və növbəti prosesin 27 sentyabr saat 14:00-a təyin edildiyini bildirib.
Xatıqladaq ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə, “Azərbaycan” nəşriyyatının rəhbəri Ağabəy Əsgərova və müğənni Nüşabə Ələsgərliyə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, Nərimanov rayon məhkəməsinin qərarı ilə oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub.
“Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Qəzetin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.  
Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.