Fransada yaşayan azərbaycanlı mühacir jurnalist Elnur Məcidliyə qarşı Cinayət Məcəlləsinin 281-ci maddəsi ilə (dövlət əleyhinə yönələn açıq çağırışlar) irəli sürülən cinayət işinin icraatı dayandırılıb.
Eldar Sultanov bildirdi ki, qeyd olunan ittiham üzrə 1 aprel 2011-ci il tarixdə Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə Elnur Məcidli barəsində cinayət işi başlanıb və bu iş üzrə ibtidai istintaqın aparılması Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb və Məcidli barəsində Cinayət Məcəlləsinin 281-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib.
Xatırladaq ki, Elnur Məcidli Fransada jurnalist fəaliyyəti ilə məşğuldur və Fransanın AFP agentliyi, Türkiyənin “İxlas” Xəbər Agentliyi və “Türkiyə” qəzeti və BBC ilə əməkdaşlıq edir.
Avropa Şurası, Avropa Parlamenti, UNESCO, Fransa Məclisi və Senatına akreditasiyası olan jurnalist beynəlxalq media qurumları ilə əməkdaşlığını davam etdirməkdədir. Avropa Jurnalistlər Asossasiyasının üzvüdür. O, Fransanın müxtəlif şəhərlərində (Əsasən Strasburq, Lyon, Paris və s.) Azərbaycanla bağlı müxtəlif tədbirlərin və aksiyaların təşkilatçısı olub. E. Məcidli həmçinin "Facebook" sosial şəbəkəsində "11 mart – Böyük Xalq Günü" və "2 Aprel – Böyük Qəzəb Günü" səhifələrinin yaradıcılarından olub.